Nar kimi qızardılmış, içi yumşaq olan bu ləzzət həm uşaqların, həm də böyüklərin sevimli qəlyanaltısı olacaq. Evdar.az ləzzətli toyuq kroketin reseptini təqdim edir.
Tərkibi:
- 2 xörək qaşığı kərə yağı
- 1 ədəd soğan
- 2-3 diş sarımsaq
- 3 xörək qaşığı un
- 1 stəkan süd
- 800 qr toyuq filesi (qaynadılmış)
- duz, istiot, bibər tozu
Bulamaq üçün :
- un
- yumurta
- suxari tozu
Qızartmaq üçün:
- bitki yağı
Hazırlanma qaydası:
İlk öncə toyuğun döş ətini suda bişirib soyudun. Toyuq filesini blenderlə xırdalayıb kənara qoyun. Tavada 2 xörək qaşığı kərə yağını əridin. Soğanı xırda doğrayıb qızdırılmış yağda yüngül qovurun. Qovrulmuş soğana xırda doğranmış sarımsaq da əlavə edib qovurmağa davam edin. Üzərinə unu da əlavə edib rəngi qızarana qədər dayanmadan qarışdırın. Qovrulan unlu soğana südü də əlavə edib dayanmadan qarışdırın. Üzərinə duz, istiot və didilmiş bişmiş toyuq ətini də əlavə edib qarışdırın. Yaxşıca qarışdırıb zövqə görə duz, istiot, bibər tozu və istəyə görə doğranmış göyərti əlavə edin. Ocaqdan götürüb kütləni başqa bir qaba töküb əlinizlə yoğuraraq qarışdırın. Üzərinə streç salafan keçirib 20-30 dəqiqəlik suducuda gözlədin. Daha sonra soyducudan götürün və kütlədən qoz böyüklüyündə kündə götürüb kroket forması verin. Bu qaydayla bütün kütləyə forma verib siniyə düzün. Forma verdiyiniz kroketləri ilk öncə una, daha sonra çırpılmış yumurtaya və suxari tozuna bulayın. Hazır kroketləri bol qızdırılmış yağda yaxşıca qızardın. Bişən korketləri artıq yağı çəkməsi üçün mətbəx salfetin üzərinə düzün.
Nuş Olsun!