Bu reseptlə hazırlanan “Kirpi” peçenyesi çox dadlıdır və dekorasiya sayəsində gözəl və maraqlıdır. Peçenyenin hazırlanması çox əyləncəli və eyni zamanda inanılmaz dərəcədə sadədir. Uşaqlar analarına bu sevimli peçenyeləri hazırlamağa kömək etməkdən məmnun olacaqlar. Evdar.az dadlı peçenyenin reseptini təqdim edir.
Uşaqlarla Birgə Hazırlaya Biləcəyiniz “Kirpi” Peçenyesinin tərkibi:
- 180 qr un
- 100 qr qarğıdalı nişastası
- 125 qr şəkər kirşanı
- 125 qr yumşaldılmış kərə yağı
- 30 qr kokos
- 1 ədəd yumurta
- 5 qr qabartma tozu
- 10 qr vanil
- 80 qr südlü şokolad
Uşaqlarla Birgə Hazırlaya Biləcəyiniz “Kirpi” Peçenyesinin hazırlanma qaydası:
Bir qabda unun üzərinə nişasta və qabartma tozu töküb qarışdırın. Başqa bir qaba yumurta, şəkər tozu və vanil töküb 1-2 dəqiqə mikserlə yaxşıca çırpın. Üzərinə yumşaldılmış kərə yağı əlavə edib çırpmağa davam edin. Yağlı kütləyə unlu qarışığı hissə-hissə əlavə edib yumşaq xəmir yoğurun. Hazır xəmirdən 10-12 qr-lıq kündələr yuvarlayın. Kündələrə uzunsov kirpi forması verin (şəkildəki kimi). Kündələri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Şokoladı su hamamında əridin. Bişən peçenyelərin üzərinə fırça ilə şokolad çəkin və kokos səpin. Kokos əvəzinə doğranmış qoz-fındıq istifadə edə bilərsiniz. Qalan ərinmiş şokoladı konditer torbasına töküb gözləri və burnu düzəldin. Hazır peçenyeni zövqə görə bəzəyə bilərsiniz.
Nuş Olsun!