Category: Ət Yeməkləri
Cuisine: Azərbaycan Mətbəxi
Yields:
1 Serving
Vişnəli can əti (albalı sousunda can əti qovurması) xüsusilə restoranların ən çox sifarişlərindən biridir. Şirin və turş dadın birləşməsindən ortaya çıxan ləziz təamı özünüz ev şəraitində hazırlayaraq dadından həzz ala bilərsiniz. Evdar.az vişnəli can əti qovurmasının reseptini təqdim edir.
Vişnəli Can Əti Qovurması
Albalı Sousunda Can Əti Qovurmasının tərkibi:
- 500 qr yağsız can əti
- 2 ədəd soğan
- 15-20 ədəd albalı (vişnə)
- 1 xörək qaşığı albalı sousu və ya zoğal turşusu
- 100 qr kərə yağı
- yarım stəkan su
- 1 çay qaşığı şəkər tozu
- duz, istiot zövqə görə
Albalı Sousunda Can Əti Qovurmasının hazırlanma qaydası:
İlk öncə əti julyen formasında (uzunsov) və ya kiçik kub formasında doğrayın. Tavanı ocağa qoyub yaxşıca qızdırın. Ətləri yağsız tavada suyunu buraxıb buxarlanana qədər qovurun. Kərə yağını da əlavə edib qovurmağa davam edin. Soğanı da yarımhalqa və ya kiçik kub formasında doğrayın. Doğradığınız soğanları tavaya əlavə edib qarışdırın. Yumşalan soğanların üzərinə duz və yarım stəkan su əlavə edib tavanın qapağını örtüb bişirin. Tumu çıxarılmış albalıları, zövqə görə istiot, albalı sousu və ya zoğal turşusu və şəkər tozu əlavə edib qarışdırın. Hazır yeməyi süfrəyə plovla birlikdə verə bilərsiniz. Ən dadlı plov reseptləri üçün buraya klikləyin..
Ən dadlı ət yeməkləri Ən Dadlı Kulinariya saytında!
Nuş Olsun!
