Vitaminlə Zəngin Səbzi-Qovurma Plov

Yields: 1 Serving

Göyərti və vitaminlə zəngin Azərbaycan mətbəxinin sevilən plov növü Səbzi Plov. Evdar.az səbzi-qovurmalı plovun reseptini təqdim edir.

Səbzi-Qovurma Plovun tərkibi:

  • 250 qr düyü
  • su
  • 300 qr quzu əti
  • 3 ədəd baş soğan
  • 2 dəstə kəvər
  • 1 dəstə yaşıl soğan
  • 1 dəstə turşəng
  • 1 dəstə şüyüd
  • 1 dəstə cəfəri
  • 150 qr yağ
  • 1 qr zəfəran
  • zövqə görə duz

Qazmaq üçün:

  • təxminən 500 qr un
  • 180 qr əridilmiş kərə yağı
  • 100 ml isti su
  • 1/2 çay qaşığı duz

Səbzi-Qovurma Plovun hazırlanma qaydası:

Zəfəranı dəmləmək üçün bir çimdik zəfəranın üzərinə qaynar su tökün və üzərinə boşqab örtüb 2 saatlıq dəmlənməsi üçün kənara qoyun.

Düyünu hazırlamaq üçün yuyun və bir neçə saatlıq duzlu suda saxlayın. Böyük bir qazanda suyu qaynadın (1 litr suya – 1 xörək qaşığı duz). Yuyub süzdüyünüz düyünü qaynayan suya töküb bişirin. Düyünü təxminən 5 dəqiqə bişirib süzün.

Qazmağı hazırlamaq üçün unu ələyin. Bir qabda ələnmiş unun orta hissəsini əlinizlə açın və duz, ərinmiş kərə yağını tökün. Suyu az-az əlavə edib xəmir yoğurun. Xəmir yağlı və yumşaq alınacaq. Xəmiri yuvarlayıb streç salafana büküb təxminən 40 dəqiqə kənarda saxlayın. Xəmir dincəldikdən sonra oxlovla 2 mm qalınlığında dəzgahın üzərinə yayın. Yaymaq üçün undan istifadə etməyin! Yaydığınız qazmağı qazanın dibinə yayıb stəkanla və ya formayla dairəvi kəsin. Qazanı ocağa qoyub qazmağı az bişirin.

Qazanın dibinə bişmiş qazmaq və ya lavaş düzün, yağ tökün. Düyünün bir hissəsini qazmağın üzərinə töküb yağ əlavə edin. Qalan düyünü də qazana töküb dəmlənmiş zəfəran suyunu da səpin. Qapağı təmiz bir parça ilə sarın və ya sıx bağlayın. Zəif ocaqda bir saat bişirin.

Qovurmanı hazırlamaq üçün əti kiçik tikələrə doğrayın. Tavada ət tikələrini yağda qızarana qədər yaxşıca bişirin. İstiot səpin və üzərinə su əlavə edib yumşalana qədər bişirin. Başqa bir tavada soğanları qovurun. Hazır ətə soğan əlavə edib qarışdırın. Göyərtiləri yuyub suyunu süzün və doğrayın. Əgər qab kiçikdirsə az-az və ya hissə-hissə göyərtini əlavə edin. Göyərtinin rəngi dəyişənə qədər bişirin.

Səbzi plov və ya göyərti ilə plovu böyük bir qabda süfrəyə verin.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir