Toyuq dünyada ən məşhur quş ətidir. Toyuq ətinə yüksək tələbat ətin dadı, münasib qiyməti, az yağlı olması və asan hazırlanması ilə müəyyən edilir. Eyni zamanda, xoruz əti də bütün dünyada istehlakçılar arasında kifayət qədər tələbatlıdır. Bu, xoruz ətinin dəyərinin keyfiyyətcə toyuq ətindən heç bir şəkildə aşağı olmaması ilə bağlıdır. Xoruzun əti toyuq ətinə nisbətən daha quru və sərtdir. O, dadı ilə də toyuq ətindən fərqlənir – xoruz ətinin bir az şirin dadı olur. Ətin şirəli və yumşaq olması üçün xoruzu ən azı 8 saat bişirmək lazımdır.
Xoruz ətinin tərkibində çoxlu zülallar, A, B, C vitaminləri və amin turşuları var. Bu məhsul müntəzəm olaraq menyuya daxil edilərsə həzm sistemində turşuluq normallaşacaq, görmə qabiliyyəti və sinir sisteminin vəziyyəti yaxşılaşacaq, yuxu rejimi bərpa olunacaq.
Xoruz ətindən bir çox yeməklər hazırlanır: soyutma, bozartma, çığırtma, bozbaş və s. Evdar.az xoruz ətindən hazırlanan ləziz bozbaşın reseptini təqdim edir.
Xoruz Bozbaşının tərkibi:
- xoruz əti
- qaynadılmış noxud
- kartof
- soğan
- kərə yağı
- yaşıl şirin bibər
- sarı alça turşusu və ya təzə alça
- duz, istiot, sarıkök
Xoruz Bozbaşının hazırlanma qaydası:
Doğranmış xoruz ətini yuyun və bir qazanda üzərinə su doldurub ocağa qoyun. Qaynadıqca kəfini alıb, qazanın qapağını örtüb vam odda ət yumşalana qədər bişirin. Ət yumşalıb bişdikdə suyunu süzüb kənara ayırın. Qazana kərə yağı və xırda doğranmış soğan əlavə edib qovurun. Qovrulmuş soğana doğranmış bibər əlavə edib qovurmağa davam edin. Üzərinə qabığı soyulub doğranmış kartof, duz, istiot, sarıkök, alça turşusu və qaynadılmış noxud əlavə edib qarışdırın. Bişmiş xoruz ətlərini və bulyonundan əlavə edib kartof bişənə qədər qaynamağa qoyun. Bişən yeməyi şorbalarla və təzə göyərtiylə süfrəyə verin.
Əlavə Qeyd:
- Xoruz ətinin bişmə müddəti 2-3 saat və ya 8 saata qədər çəkə bilər. Bu müddət xoruzun yaşından asılıdır.
- Mövsümündə yeməyə heyva da əlavə edə bilərsiniz
Nuş Olsun!