Dünyada yüz minlərlə dondurma növü var. Ancaq bu çeşidlərin arasında Creme Brulle dondurmasının xüsusi bir yeri var. Bu zərifliyin prototipi olan deserti hazırlayaraq özünüzü və sevdiklərinizi ləzzətli dondurma ilə sevindirə bilərsiniz. Evdar.az zərif Krem Brüle dondurmasının reseptini təqdim edir.
Tərkibi:
- 200 qr bişmiş qatılaşdırılmış süd
- 200 qr süd
- 400 qr 35 %-lik qaymaq
Hazırlanma qaydası:
Bir qabda bişmiş qatılaşdırılmış südün üzərinə 200 qr süd əlavə edib 15-20 dəqiqəlik kənarda saxlayın. Digər bir qabda qaymağı mikserlə yaxşıca çırpın. Bişmiş qatılaşdırılmış südü də mikserlə bir neçə dəqiqə çırparaq qarışdırın. Daha sonra bu qarışıqdan çırpılmış qaymağa qaşıq-qaşıq əlavə edərək mikserlə yaxşıca çırpın. Hazırladığınız dondurmanı soyuducuya yerləşdirə biləcəyiniz konteynerə və ya formaya tökün. Soyuducunun dondurucu rəfinə yerləşdirib 6-8 saatlıq dondurun. Süfrəyə verməzdən əvvəl 10 dəqiqə otaq temperaturunda saxlayın. Daha sonra porsionluq kasalara bölüşdürüb süfrəyə verin.
Nuş Olsun!