Category: Qarnir və Souslar, Qış Tədarükü
Yields:
1 Serving
Saysız-hesabsız faydaları olan şaftalı yay mövsümünün ən çox istehlak edilən meyvələri arasındadır. Həm şirin, həm də şirəli olan şaftalı lifli meyvədir və toxluq hissi verir. Tərkibində bir çox vitamin və minerallar var. Şaftalıdan desertlər və tortlarda istifadə edilir. Halbuki qabığı və tumu zibil olaraq atılır. Ancaq zibilə atdığınız şaftalı qabığından sirkə hazırlaylb salatlarınızda istifadə edə bilərsiniz. Xüsusilə son illərdə təbii və sağlam qidalanmaya marağın artması ilə şaftalı sirkəsi məşhur qida məhsuluna çevrilib. Evdar.az şaftalı sirkəsinin reseptini təqdim edir.
Şaftalı sirkəsinin tərkibi:
- 4 ədəd şaftalı (qabığı və tumu)
- 1,5 stəkan alma sirkəsi
Şaftalı sirkəsinin hazırlanma qaydası:
Şaftalıların qabığını soyub tumunu ayırın. Orta ölçülü bankaya qabıqları və tumu doldurub üzərinə sirkə tökün. Bankanın qapağını örtüb sərin, quru və qaranlıq bir yerdə 10 gün saxlayın. 10 gündən sonra sirkəni tel süzgəclə süzüb şüşə bankaya tökün. Sirkəni sərin və qaranlıq bir yerdə saxlayın. Hazır şaftalı sirkəsini salatlarınıza əlavə edə bilərsiniz. Və ya üzərinə su əlavə edib içə bilərsiniz. Ancaq yeməkdən dərhal sonra içmək tövsiyə edilmir, çünki yeməyin həzminə kömək edən turşular yemək zamanı udulur və qidanın qida dəyərinin azalmasına səbəb ola bilər. Buna görə yeməkdən bir saat sonra və ya səhər yeməyindən əvvəl içmək daha yaxşıdır.
Şaftalı sirkəsinin faydaları:
- çəkiyə nəzarət etməyə kömək edir,
- iştahı azaldır və maddələr mübadiləsini sürətləndirir,
- qan şəkərini tənzimləyir,
- mədə turşusunu balanslaşdırır və həzm sisteminə kömək edir. Ancaq həddindən artıq istifadə mədə narahatlığına səbəb ola bilər.
- xolesterol səviyyəsini azaldır və ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir.
- Şaftalı sirkəsinin tərkibində antioksidantlar var. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə ziyanını azaldır.
- Şaftalı sirkəsinin tərkibindəki vitaminlər və minerallar immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır.
- Şaftalı sirkəsi dərinin pH balansını tənzimləyir və sızanaqlara qarşı kömək edir.
- Şaftalı sirkəsi saçların parlaqlığını artırır və baş dərisini təmizləyir.
- Şaftalı sirkəsi qızdırma salıcıdır. Yüksək hərarət zamanı istehlak edilməlidir.
- Yuxusuzluq problemi olanlara tövsiyə olunur. Yatmazdan əvvəl şaftalı sirkəsi içsəniz, yaxşı bir yuxu təmin edər.
Əlavə qeyd: Nəticə olaraq qeyd edək ki, şaftalı sirkəsi faydalı olmağına baxmayaraq təbii qida olduğundan hamıya eyni şəkildə təsir etməyə bilər. Şaftalı sirkəsi allergik reaksiyalara səbəb ola bilər. Allergiyası olanların istifadə etməməsi tövsiyə olunur. Gözlərlə təmasdan çəkinin. Hamiləlik dövründə istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin!