Evə yorğun gələndə axşam nə yemək hazırlayacağınızı düşünmək yorucu gələ bilər. Amma əslində bir neçə dəqiqə ərzində hazırlaya biləcəyiniz bir neçə reseptlə faydalı və ləzzətli bir menyu yarada bilərsiniz. Bir neçə inqrediyentlə bir neçə dəqiqəyə hazır ola biləcək bu menyu ilə möhtəşəm şam yeməyinə hazır olun.
Möhtəşəm bir süfrə və bir neçə dəqiqə ərzində doyurucu menyu hazırlamağın sirri praktiki üsullar və tez-tez istifadə olunan inqrediyentlərdən keçir. Beləliklə, istənilən vaxt qısa müddətdə faydalı və ləzzətli şam yeməyi hazırlayaraq bənzərsiz ziyafətə sahib ola bilərsiniz. Evdar.az 15 dəqiqəyə hazırlanan 5 növ axşam yeməyinin reseptini təqdim edir.
Cəmi 5 Dəqiqəyə Tavada Jülyen
- 150 qr toyuq filesi
- 4 xörək qaşığı xama
- 150 qr şampinyon göbələyi
- 1/2 soğan
- 30 qr kərə yağı
- 50 qr bərk pendir
- 1 diş sarımsaq
- duz, istiot
Hazırlanma qaydası:
İlk öncə göbələkləri yaxşıca yuyun. Toyuq filesini xırda kub şəklində doğrayın. Kərə yağının yarısını isidin və toyuq filesini yağda qızardın. Zəif ocaqda yarım saat bişən toyuq filesini boşqaba tökün. Daha sonra yağlı tavada xırda doğranmış soğanları yumşalanadək bişirin. Üzərinə nazik dilimlənmiş göbələkləri də əlavə edib 2-3 dəqiqə bişirin. Xırda doğranmış sarımsaq, duz və istiot vurub qarışdırın. Üzərinə boşqaba tökdüyünüz qızardılmış toyuq filesini və xamanı əlavə edib qarışdırın. Ocaqda qabarcıqlar yaranana qədər isidin və rəndələnmiş pendiri üzərinə səpin. Pendir əriyənədək 1-2 dəqiqə saxlayın. Toyuqlu və göbələkli Jülyen yeməyini isti halda süfrəyə verilməlidir.
Folqada İtalyansayağı Toyuq Yeməyi
Tərkibi:
- 2 ədəd toyuq döş əti
- 100 qr brokoli
- 100 qr rəngli bolqar bibəri
- 1 ədəd kabak
- 3 ədəd pomidor
- 1-2 ədəd soğan
- 1 xörək qaşığı bitki yağı
- 2-3 diş sarımsaq
- 1 çay qaşığı pul bibər
Hazırlanma qaydası:
2 ədəd toyuq filesini yuyub suyunu süzün. Əti kiçik 2,5 sm kublara kəsin. Brokoliləri kiçik çiçəklərə ayırın. Kabakı nazik dilimlərə kəsin. Bolqar bibərini kiçik doğrayın. Pomidorların qabığını soyub, kub formasında doğrayın. Soğanı nazik, dörddəbir halqalara kəsin. Böyük bir qabda və ya vakuum salafanda bütün inqrediyentləri və ədviyyatları yaxşıca qarışdırın. Folqa kağızından 30×30 santimetr ölçüdə vərəqlər kəsin. Folqanın birini zərf kimi yarıya qədər bükün. Sonra yeməyin bir hissəsini folqaya tökün. Yeməyi folqa kağızınınn digər yarısı ilə yumşaq bir şəkildə örtün, kənarlarını iki dəfə qatlayın: əvvəlcə yanlardan, sonra uc tərəfdən. Şirənin sızmasının qarşısını almaq üçün folqa kənarlarını yaxşıca bağlamaq vacibdir. Zərf qabın üzərində çox sıx olmamalıdır. Daha sonra içi yeməklə doldurulmuş zərfləri soba sinisinə yerləşdirib, əvvəlcədən 205 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişən yeməyi süfrəyə süzülmüş düyü ilə verə bilərsiniz.
20 Dəqiqəyə Ləzzətli Ananaslı Toyuq Salatı
- 200 qr toyuq filesi
- 200 qr pendir
- 1 banka konservləşdirilmiş ananas
- 1 banka konservləşdirilmiş qarğıdalı
- 300 qr turşa-şirin alma
- 250-300 qr mayonez
Hazırlanma qaydası:
Azduzlu suda toyuq döş ətini bişirin və soyudun. Soyuyan bişmiş toyuq filesini, almanı və pendiri kub formasında doğrayın. Ananasın suyunu süzün,ananas halqalarını da orta ölçüdə doğrayın. Bir qabda doğranmış toyuq filesini, pendiri, almanı , ananası və mayonezi yaxşıca qarışdırın. Salat hazırdır!
Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq “Qaspaço” Şorbası
Tərkibi:
- 1 ədəd qırmızı şirin bibər
- 1 ədəd qırmızı soğan
- kiçik kərəviz sapı
- 1 ədəd xiyar
- 2-3 ədəd qabığı soyulmuş pomidor
- 600 qr pomidor suyu
- bir neçə budaq keşniş
- duz
- qırmızı bibər tozu
- zeytun yağı
- yarım xörək qaşığı balzamik sous
Hazırlanma qaydası:
İlk öncə pomidorun qabığını soyun. Pomidor qabığını ən asan soyulma qaydasını bu məqaləyə daxil olaraq oxuya bilərsiniz. Blenderin qabına qabığı soyulmuş pomidor, şirin qırmızı bibər, qırmızı soğan, kiçik kərəviz sapı, qabığı soyulmuş xiyar, bir neçə budaq keşniş, duz, qırmızı bibər tozu, zeytun yağı, balzamik sous və pomidor suyu töküb yaxşıca qarışdırın. Bir neçə dəqiqəyə hazır olan şorbanı kasaya töküb üzərini keşnişlə bəzəyib süfrəyə verə bilərsiniz.
15 Dəqiqəyə İnanılmaz Dadlı Göbələk Qızartması
Tərkibi:
- 400 qr şampinyon göbələyi
- 1 xörək qaşığı italyan otları (ədviyyat qarışığı)
- 3 diş sarımsaq
- 2 xörək qaşığı soya sousu
- 1 xörək qaşığı bitki yağı
- mayonez
Hazırlanma qaydası:
İlk öncə salafan paketə şampinyon göbələyini tökün. Üzərinə xırdalanmış sarımsaq, italyan otları, soya sousu, bitki yağı və mayonez tökün. Salafan paketin üst hissəsini açılmasın deyə əlinizlə möhkəm tutub qarışdırın. Marinada bulanmış göbələkləri folqa kağızı sərilmiş soba sinisinə boşaldın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Nuş Olsun!