Evdə bir ədəd limon varsa çay süfrəsinə çox ləziz limon içlikli peçenye hazırlaya bilərsiniz. Evdar.az türşməzə dadıyla ağızda dağılan çox ləziz limonlu üçqulaq peçenye reseptini təqdim edir.
Bir Ədəd Limonla Üçqulaq Peçenye(Limonçiki)
Limonlu Üçqulaq Peçenyenin tərkibi:
Xəmiri üçün:
- 500 qr un
- 200 qr kərə yağı
- 200 qr xama və ya qatıq
- 50 qr şəkər tozu
- 1 paket vanil
- 1 paket qabartma tozu və ya 1 çay qaşığı soda
Limonlu içlik üçün:
- 1 ədəd limon
- 250 qr şəkər tozu
Limonlu Üçqulaq Peçenyelərin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda unu və otaq temperaturunda yumşaldılmış kərə yağını ovaraq umac halına gətirin. Üzərinə şəkər tozu, vanil, xama və qabarta tozu (və ya 1 çay qaşığı sodayla köpürülmüş qatıq) əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərinə streç salafan sərib 30 dəqiqəlik soyuducuya yerləşdirin.

İçliyi hazırlamaq üçün 1 ədəd limonun qabığını sürtgəcdən keçirin (acılıq verməməsi üçün çalışın ağ hissəsini rəndələməyin!). Daha sonra limonun üzərindəki ağ təbəqəni yaxşıca təmizləyin və limonun özünü mətbəx robotundan keçirərək püre halına gətirin və ya iki hissəyə bölüb sürtgəcin xırda gözündən keçirin. Dərin bir qabda limon püresi, sürtgəcdən keçirilmiş limon qabığı və 250 qr şəkər tozu töküb qarışdırın.

Xəmiri soyuducudan götürüb 4 ədəd kündələrə bölün. Kündənin birini dəzgahın üzərində dördbucaqlı şəkildə oxlovla yayın. Yaydığınız xəmiri uzunsov zolaqlar şəklində kəsin. Zolaqlara içlikdən bir çay qaşığı qoyub üçbucaq (üçqulaq) formasında bükün. Bu qaydayla kündələri yayıb içliklə doldurub bükün. Hazırladığınız xəmiri yağlı kağız sərilmiş soba sinisinə düzüb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Üzəri yüngül qızarana qədər bişirib sobadan götürün. Bişib soyuyan limonniklərin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.

Çay və qəhvə süfrənizə yaraşacaq bir-birindən fərqli peçenye reseptlərimizi də mütləq sınayın. Sadə, kakaolu, qozlu, şokoladlı və müxtəlif içliklərlə hazırlanan peçenye reseptləri arasından zövqünüzə uyğun seçim edə bilərsiniz. Aşağıdakı linklərə keçid edərək Evdar.az-ın ən ləzzətli peçenye reseptləri ilə tanış olun və yeni dadlar kəşf edin.
Nuş Olsun!



