Vitamin və Minerallarla Zəngin Hinduşka Ətindən Ləziz Rulet

Yields: 1 Serving

Hinduşka əti zülallar, vitaminlər (B6, B2, B12, PP) və minerallarla zəngindir. Bir porsiya hinduşka əti insan orqanizminin gündəlik PP vitamini ehtiyacını təmin edə bilir. Hinduşka əti allergiyaya səbəb olmur və buna görə də uşaqları qidalandırmaq üçün idealdır. Vitamin və minerallarla zəngin azkalorili ətdən çox ləziz göbələkli və pendirli rulet hazırlaya bilərsiniz.  Evdar.az hinduşka ətindən hazırlanan ləziz ruletin reseptini təqdim edir.

Hinduşka Ətindən Ləziz Ruletin tərkibi:

  • 300-350 qr şampinyon göbələyi
  • 800-900 hinduşka əti qiyməsi
  • 1 ədəd soğan
  • 100 qr holland pendiri
  • 2 xörək qaşığı bitki yağı
  • 1 xörək qaşığı kərə yağı
  • zövqə görə duz, istiot, quş əti üçün ədviyyat
  • 1 ədəd yumurta

Hinduşka Ətindən Ləziz Ruletin hazırlanma qaydası:

İlk öncə göbələkləri və soğanı doğrayın. Pendiri də sürtgəcdən keçirin. Bitki yağının yarısını tavada qızdırın və soğanı 4-5 dəqiqə yağda qızardın. Qızartdığınız soğanı tavadan götürün bir boşqaba qoyun. Qalan bitki yağı və bir qaşıq kərə yağını tavaya əlavə edin. Tavaya göbələkləri əlavə edib 5-6 dəqiqə qovurun. Qovrulmuş soğan və göbələyi birləşdirib yüngül duz, istiot səpib qarışdırın və soyuması üçün kənara qoyun.

Hinduşka ətinin qiyməsinə yumurta, duz, istiot və quş əti üçün ədviyyatı əlavə edib qarışdırın. Dəzgahın  üzərinə folqa yayıb duru yağla yağlayın və ya yağlı kağız sərin. Folqanın üzərinə qiyməni təxminən 1 sm qalınlığında düzbucaqlı təbəqə etmək üçün bərabər şəkildə yayın. Kənarlarıını səliqəyə salın. Ətin üzərinə sürtgəcdən keçirilmiş pendir yayın. Daha sonra üzərinə hazırladığınız soğanlı göbələyi düzün. İçliyi qoyduqda ət təbəqəsinin kənarlarından təxminən 1 sm boş yer saxlayın. Folqanı qaldıraraq sıx rulet kimi yuvarlayın. Kənarlarını elə səliqəyə salın ki, bütün içlik içəridə qalsın və hamar olsun. Ruleti diqqətlə folqa ilə büküb soba sinisinə yerləşdirin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin. Saatın tamamında sobadan çıxarıb folqanı ayırın. Daha sonra ruletin üzərini əridilmiş kərə yağı ilə yağlayın və daha 7-10 dəqiqə bişirin. Kərə yağı əvəzinə pomidor və ya digər sous yaxa bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir