Category: İçkilər, Pəhriz Yeməkləri
Yields:
1 Serving
Supermarketlərdə yulaf südünün qiyməti günü-gündən artarkən, daha qənaətli şəkildə ev şəraitində yulaf südü hazırlaya bilərsiniz. Hazırlanması çox asan olan yulaf südünü hazırlayıb südlü desertlərinizdə və ya səhər yeməyinizdə sağlam şəkildə istehlak edə bilərsiniz.
Xüsusilə idmançılar, vegetarianlar və sağlam qidalanmaya riayət edənlər arasında məşhur olan yulaf südü həzm üçün faydalı həll olunan liflə zəngindir. Tərkibində daha az şəkər var ki, bu da diabet və piylənmə üçün faydalıdır. Bu içki əzələ kütləsini artırmaq üçün idmanla məşğul olanlara məsləhət görülür. Evdar.az ev şəraitində yulaf südünün hazırlanma qaydasını təqdim edir.
Yulaf Südünün tərkibi:
- 1 stəkan yulaf əzməsi
- 5 stəkan soyuq su
- bir çimdik duz
- 1 çay qaşığı şəkər tozu və ya şəkər əvəzləyici
Yulaf Südünün hazırlanma qaydası:
1 stəkan yulaf əzməsini yaxşıca yuyub suyunu süzün. Daha sonra yuyulmuş yulaf əzməsini dərin bir qaba tökün. Üzərinə 5 stəkan soyuq su əlavə edib 1 gecə otaq temperaturunda saxlayın. Daha sonra əl blenderiylə yaxşıca qarışdırın. Üzərinə çimdik duz və 1 çay qaşığı şəkər tozu (və ya şəkər əvəzləyici) əlavə edib qarışdırın. Yulaf südünü təmiz bir tənzifdən və tel süzgəcdən keçirib süzün. Süzdüyünüz yulaf südünü şüşə qabda qapağı bağlı şəkildə soyuducuda 5 gün saxlaya bilərsiniz.
Əlavə qeyd:
- Şəkər tozu və ya şəkər əvəzləyicisini balla da əvəz edə bilərsiniz.
- Yulaf südünü adi halda içəcəksinizsə, səhər yeməyi və nahardan yarım saat əvvəl içə bilərsiniz.
- Qəlyanaltı kimi içəcəksinizsə, yulaf südünün içərisinə sürtgəcdən keçirilmiş kokos, banan, çiyələk, darçın, mixək, vanil və hil əlavə edərək daha dadlı dadlar yarada bilərsiniz.
- Yulaf südündən smuzi, desertlər, souslar və hətta şorbalarda da istifadə edə bilərsiniz. Ancaq unutmayın ki, digər bitki mənşəli südlərdən daha qatı bir konsistensiyaya sahibdir. Bu səbəbdən qızdırıldıqda qatılaşdığı üçün soyuq halda istehlak edilməlidir.
Yulaf südünün faydaları haqqında bu məqaləmizdən oxuya bilərsiniz.