Bayram Süfrəsinin Bəzəyi: Nar Sousunda Ördək Qızartması

bayram sufresinin bezeyi nar sousunda ordek qizartmasi
Yields: 1 Serving
Ördək əti bayram menyusuna fərqlilik qatmaq istəyənlər üçün ideal seçimdir. Narın parlaq rəngi və şirin-turş dadı ördək əti ilə mükəmməl uyğunlaşır. Bayram süfrənizə həm gözəllik, həm də unudulmaz bir dad qatmaq istəyirsinizsə, nar sousunda ördək ətini bişirin. Evdar.az ləzzəti qədər görünüşü də heyran edən nar sousunda ördək qızartmasının reseptini təqdim edir.

Bayram Süfrəsinin Bəzəyi: Nar Sousunda Ördək Qızartması

Nar Sousunda Ördək Qızartmasının tərkibi:

  • 1 ədəd ördək (çəkisi təxminən 1,8-2 kq)
  • 1 ədəd böyük nar

Sousu üçün:

  • 50-60 qr şəkər tozu
  • 0,5 stəkan su
  • 400 ml nar suyu
  • 400 ml toyuq bulyonu
  • 1 ədəd şirin qırmızı bibər
  • 1 ədəd acı bibər
  • 1 çimdik üyüdülmüş zirə
  • duz

Nar Sousunda Ördək Qızartmasının hazırlanma qaydası:

Sousu hazırlamaq üçün bir qazanda şəkər tozu və suyu qarışdırıb ocağa qoyun. Orta odda şəkər tamamilə əriyib həll olunana qədər arabir qarışdıraraq bişirin. İstiliyi artırın və sous açıq kəhrəba rənginə çevrilənə qədər qarışdıraraq qaynadın. Üzərinə nar şirəsi və bulyon əlavə edib qarışdırın. Bibərləri təmizləyib yuyun və kub formasında doğrayın. Doğranmış bibərləri qaynayan sousa əlavə edin. Sousun suyu yarıya qədər azalana qədər 25 dəqiqə bişirin. Hazır olan sousu ocaqdan götürüb soyudun. Soyuyan sousu blenderdə püre halına salın. Zövqə görə zirə və duz əlavə edin.

Ördəyi yuyun və suyunu süzün. İçəridən və xaricdən duz ilə ovuşdurun. Ördəyin dərisinin hər tərəfindən çəngəl ilə deşin. Döş ətini aşağıya doğru çevirərək qızardacağınız qəlibə yerləşdirin. Qəlibə yarım stəkan su tökün və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Bişən ördəyin artıq yağını süzün. Ördəyin döş ətini yuxarı çevirin, üzərinə 3 xörək qaşığı sous töküb  və yenidən sobaya yerləşdirib 40 dəqiqə daha bişirin. 

Bişən ördəyi servis edəcəyiniz boşqaba qoyub üzərinə 2-3 xörək qaşığı sousdan tökün. Üzərini yağlı kağızla örtüb 10 dəqiqə kənarda saxlayın. Süfrəyə verdikdə nar dənələri və göyərtilə bəzəyib verə bilərsiniz. Qalan sousu da sous qabına töküb ördəyin yanında süfrəyə verin.

Əlavə qeyd:

Nar sousunda ördək qızartmasını bişmiş alma, kartof və ya düyü ilə süfrəyə verə bilərsiniz.

Ən dadlı ət yeməkləri Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir