Bəzən yemək bişirməyin ən çətin hissəsi hansı yeməyi bişirəcəyinizə qərar verməkdir. Gün ərzindəki bütün işlər arasında “Bu gün nə bişirim? Nahara nə hazırlayım?” sualı yorucu ola bilər. Evdar.az bu sualı sizin üçün asanlaşdıraraq gündəlik çox vaxt sərf etmədən hazırlaya biləcəyiniz reseptlərin siyahısını təqdim edir.
Soyuq Havanın İsti Qatıqlı Düşbərə Şorbası
Soyuq günlərinizi qatıqlı düşbərə şorbası ilə isti kecirin. Evdar.az qatıqlı düşbərə şorbasının reseptini təqdim edir.
Soyuq Havanın İsti Qatıqlı Düşbərə Şorbasının tərkibi:
Xəmir üçün:
- 1 ədəd yumurta
- 1 stəkan ilıq su
- 3 stəkan un
İçlik üçün:
- 300 qr qiymə
- 1 ədəd soğan
- duz, istiot, pul bibər
- 1 stəkan qatıq
- duru yağ
- nanə qurusu
Soyuq Havanın İsti Qatıqlı Düşbərə Şorbasının hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qaba yumurta və ilıq suyu qarışdırın. Üzərinə unu hissə-hissə ələyib xəmir yoğurun. Xəmirin üzərini örtüb 15 dəqiqə kənarda saxlayın.
İçliyi hazırlamaq üçün bir qabda qiymənin üzərinə rəndələnmiş soğan və ədviyyatları əlavə edib qarışdırın.
Xəmiri kündələyib unlanmış dəzgahın üzərində oxlovla yayın. Kiçik kvadratlar formasında kəsib içlik düzüb düşbərələr hazırlayın.
Bir qazanda suyu qaynadın. Qaynayan suya düşbərələr yapışmasın deyə çox az duru yağ əlavə edin. Hazır düşbərələri qaynayan suya töküb 15-20 dəqiqə arabir qarışdıraraq bişirin.
Başqa bir qabda qatığı yaxşıca çırpın. Düşbərənin suyundan bir çömcə qaşıqla qatığa əlavə edib qarışdırın. İsti qatığı qazana əlavə edib qarışdırın.
Kiçik bir tavada yağı əridib nanə əlavə edin. Nanəli yağı şorbanın üzərinə töküb qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verin. Şorbaya zövqə görə bişmiş noxud əlavə edə bilərsiniz.
Ətirli və Turşməzə Heyvalı Toyuq Yeməyi
Toyuq yeməyi sevənlər heyva və zəfəran souslu dadlı yemək hazırlaya bilər. Evdar.az heyvalı dadlı toyuq yeməyinin reseptini təqdim edir.
Ətirli və Turşməzə Heyvalı Toyuq Yeməyinin tərkibi:
- 4 ədəd orta ölçülü heyva (təxminən 1 kq)
- 6 xörək qaşığı bitki yağı
- 1 çay qaşığı zəfəran
- 1,5 kq toyuq budu (və ya bud dibi, döş əti)
- 1 ədəd soğan
- 2 xörək qaşığı tomat
- 1/2 stəkan su
- 10 ədəd qara gavalı
- duz, istiot zövqə görə
Ətirli və Turşməzə Heyvalı Toyuq Yeməyinin hazırlanma qaydası:
İlk öncə heyvanın qabığını soyun, cecəyini kəsib götürün. Qabığını soyduğunuz heyvanı dilimləyin. Orta ölçülü qazanda 3 xörək qaşığı bitki yağını qızdırın. Tavaya dilimlənmiş heyvanı töküb arabir qarışdıraraq 5 dəqiqə bişirin. Üzərinə zəfəranı da əlavə edib 5 dəqiqə daha qovurun və ocaqdan götürün. Dərin bir qazana 3 xörək qaşığı bitki yağını tökün və toyuq budlarını yağda 5 dəqiqə arabir qarışdırara qızardın. Soğanı doğrayıb toyuğun üzərinə əlavə edin və 6-7 dəqiqə qovurun. 1/2 stəkan suya 2 xörək qaşığı tomat əlavə edib qarışdırın. Soğan suyunu salıb yumşaldıqda üzərinə suda həll olunmuş tomatı əlavə edib 10-15 dəqiqə bişirin. 15 dəqiqə sonra üzərinə yağda bişirdiyiniz heyvanı və 10 ədəd gavalı qurusunu əlavə edin. Gavalı qurusunu limon suyuyla əvəz edə bilərsiniz. Zövqə görə duz və istiot əlavə edin. Ocağı zəiflədib,qazanın qapağı örtülü şəkildə 30 dəqiqə bişirin. Yumşaq ətli, ətirli və turşməzə yemək ortaya çıxacaq. Yeməyi servis boşqabına töküb süfrəyə verə bilərsiniz. Yanına qarnir olaraq süzülmüş düyü və ya kartof püresi verə bilərsiniz.
Fydalı və Dadlı Narlı Çuğundur Salatı
Narın dadı ilə çuğunduru birləşdirdikdə ləzzətli çəhrayı salat ortaya çıxır. Cəmi 4 ərzaqla dadlı və faydalı salat hazırlaya bilərsiniz. Evdar.az narlı çuğundur salatının reseptini təqdim edir.
Faydalı və Dadlı Narlı Çuğundur Salatının tərkibi:
- 2 ədəd çuğundur
- 1 ədəd toyuq filesi
- 100 qr qoz ləpəsi
- 1-2 ədəd nar
- yarım dəstə göy soğan
- 1 diş sarımsaq
- duz, istiot
- mayonez
Faydalı və Dadlı Narlı Çuğundur Salatının hazrlanma qaydası:
İlk öncə narı dənələyin. Çuğunduru suda bişirin. Toyuq filesini də az duzlu suda bişirib didin. Bişib soyuyan çuğunduru kiçik kub formasında doğrayın. Qoz ləpəsini xırdalayın. Yarım dəstə göy soğanı doğrayın, sarımsağı sarımsaqəzəndən keçirin.Bir qabda bişib doğranmış çuğundur, didilmiş toyuq filesi, xırdalanmış qoz ləpəsi, doğranmış göy soğan, əzilmiş sarımsaq, nar dənələri, duz, istiot və mayonez töküb yaxşıca qarışdırın. Əgər mayonezli salat yemirsinizsə mayonezi xama və xardal qarışığı ilə əvəz edə bilərsiniz.
Sobada Bişmiş Balqabaq Deserti
Təbiətin rəngi sarıya çevrildikcə balqabaq mövsümü açıldı. Şorbalardan şirniyyatlara, içkilərdən bəzəklərə qədər bir çox formada gələn balqabaq lif baxımından olduqca zəngin bir qidadır. Evdar.az mükəmməl bir qış ləzzəti olan balqabağın ən gözəl və klassik forması olan bişmiş balqabaq desertinin reseptini təqdim edir.
Sobada Bişmiş Balqabaq Desertinin tərkibi:
- 1 kq qabığı soyulmuş, uzun dilimlənmiş balqabaq
- 1,5 stəkan şəkər tozu
Üzəri üçün:
- 1 stəkan tahin pastası (küncüt pastası)
- 2 stəkan iri doğranmış fındıq ləpəsi
Sobada Bişmiş Balqabaq Desertinin hazırlanma qaydası:
İlk öncə bir balqabağın qabığı soyub uzun dilim formasında doğrayın. Geniş bir qaba balqabaq dilimlərini düzüb üzərinə şəkər tozu əlavə edin. Qabın üzərini streç salafanla örtüb ən az üç saat və ya bir gecə saxlayın. Şəkərli balqabaqları soba sinisinə yerləşdirib əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Balqabaqları çevirib daha 20 dəqiqə bişirin. Bişən balqabaqları sobadan götürüb otaq temperaturunda soyudun. Üzərinə tahin və iri doğranmış fındıq ləpəsi səpib süfrəyə verə bilərsiniz. Bişmiş balqabaq desertini zövqə görə qoz ləpəsi, badam ləpəsiylə bəzəyib dondurma ilə süfrəyə verə bilərsiniz.
Vacib qeyd:
Balqabağı mütləq ən azı 1 gecə əvvəl şəkər tozuyla eyni qazanda saxlamalısınız. Bişirərkən su əlavə etməyin, çünki balqabaq öz şirəsini buraxacaq.
Minbir Dərdə Şəfa Sumaq Şərbəti
Sumaq salat və yeməklərimizə fərqli dad qatır. Sumağın faydaları saysız-hesabsızdır. Bəzi insanlar pəhriz saxlayaraq arıqlamaq üçün sumaq şərbətindən istifadə edirlər. Sumaq şirəsi qanda insulin nisbətini tarazlayır, antioksidan təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində yaranan yüksək hərarəti salaraq beyin sağlamlığını qoruyur. Həftədə bir stəkan sumaq şirəsi içildikdə isə sinir sistemindəki deformasiya olunmuş hüceyrələrin sayını azaldaraq sağlam hüceyrələrin artmasına kömək edir. Həmçinin yorğunluq, stress və depressiya kimi xəstəliklərin yaşanma riskini azaldır. Fərqli və faydalı bir içki axtarırsınızsa, sumaq şərbətini sınaya bilərsiniz. Evdar.az faydalı və dadlı sumaq şərbətinin reseptini təqdim edir.
Minbir Dərdə Şəfa Sumaq Şərbətinin tərkibi:
- 1 çay qaşığı sumaq
- 1 litr isti su
- 1 çay qaşığı şəkər tozu
- yarım limonun suyu
Minbir Dərdə Şəfa Sumaq Şərbətinin hazırlanma qaydası:
Əvvəlcə sumaqları bir sürahiyə (qrafin) tökün. Üzərinə isti su, şəkər tozu və limon suyu əlavə edib qarışdırın. Qarışıq soyuyana qədər qrafində saxlayın. Daha sonra onu təmiz bir tənziflə və ya süzgəclə süzün. Sumaq suyunu təmiz bir qrafinə doldurun. Zövqə görə buz əlavə edib süfrəyə verə bilərsiniz. Faydalı və ləziz içkiniz hazırdır!
Nuş Olsun!