Hinduşka Ətindən Ləziz Şirəli Qovurma

Yields: 1 Serving
Hinduşka əti deyildikdə ilk ağıla Yeni il bayramı gəlir. Yeni il süfrəsində hinduşka ətinin olması artıq ənənə halını alıb. Ləzzətli dada malik və faydalı qida olan hinduşka əti həmçinin vitamin və minerallarla zəngindir. Hinduşka ətindən ləziz rulet, sobada qızartma, kabab, ədviyyatlı bud qızartması  hazırlayaraq süfrələrinizə rəng qata bilərsiniz. Bundan əlavə hinduşka ətini dadlı qovurma kimi də hazırlayıb süfrənizə təqdim edə bilərsiniz. Evdar.az hinduşka ətindən şirəli qovurma reseptini təqdim edir.

Hinduşka Ətindən Şirəli Qovurmanın tərkibi:

  • 1,5 kq hinduşka əti
  • 5-6 ədəd soğan
  • kərə yağı
  • 400 qr təmizlənmiş qaynadılmış şabalıd
  • alça turşusu
  • duz, dənə istiot,sarıkök
  • kartof, yerkökü, sarımsaq

Hinduşka Ətindən Şirəli Qovurmanın hazırlanma qaydası:

İlk öncə hinduşka ətini qovurmalıq doğrayıb yuyun. Dərin qazana hinduşka ətini, qabığı soyulmuş,iki hissəyə bölünmüş soğan, yuyulmuş qabıqlı iki hissəyə bölünmüş sarımsaq, 2 ədəd bütöv halda yerkökü. duz, dənə istiot və ətlərin üzərini keçəcək qədər su əlavə edib 1,5 -2 saat ət yumşalana qədər qaynadın. Ətin üzərinə yığılan kəfi ayırıb atın. Kartofları qabıqlı şəkildə yaxşıca yuyub halqalar formasında doğrayın. Tavaya yağ əlavə edib kartofları qızardıb götürün. Soğanları nazik yarım halqa formasında doğrayın və kartofu qızartdığınız tavada yağda qovurub götürün. Bişən hinduşka ətlərini də yağda azca qızardın. Üzərinə alça turşusu, qaynadılmış şabalıd, qızardılmış kartof və soğanı əlavə edin. Zövqə görə duz, istiot, sarıkök və hinduşka ətinin bulyonundan 2-3 qaşıq əlavə edib qazanın qapağını örtün. 15-20 dəqiqə bişirib ocaqdan götürün. Dadlı yeməyi süfrəyə ləziz turşularla birlikdə verin.

Ən dadlı turşu reseptləri üçün bu məqalələrə nəzər sala bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir