İsita və ya İsida (İsitla) ənənəvi ləzgi halvasıdır. Ləzgilər bayramlarda, xüsusən də toylarda halva bişirirlər. Baxmayaraq ki, onlar üçün anım mərasimində halva vermək də adətdir. Doğuş zamanı qadınlar üçün isita halvası mütləq hazırlanmalıdır. Gücü bərpa etməyə kömək edir və laktasiyanı yaxşılaşdırır. İsita,unun qaynadılmış şəkər və yağla hazırlanan halva növüdür. Evdar.az ləzgi halvası İsitanın reseptini təqdim edir.
İsitanın tərkibi:
- 200 qr kərə yağı
- 200 qr un
- 200 qr şəkər kirşanı
- 1 çimdik duz
İsitanın hazırlanma qaydası:
İlk öncə tavaya kərə yağı əlavə edib əridin. Unu əridilmiş kərə yağının üzərinə hissə-hissə əlavə edib qarışdırın. Unu adi qaydada rəngi dəyişənə qədər qovurub ocağı söndürün. Ocağı söndürdükdən sonra tavaya şəkər kirşanı əlavə edib yaxşıca qarışdırın. Tam qarışandan sonra halvanı bir boşqaba yayıb qaşıq və ya əlinizlə sıxlaşdırın. Halva tam soyuyandan sonra doğrayıb süfrəyə verə bilərsiniz.
Əlavə qeyd:
Evdə şəkər kirşanı yoxdursa şəkər tozunu qəhvəüyüdənlə üyüdə bilərsiniz.
Nuş Olsun!