Sənət Əsəri Kimi Briyoş Çörəyi

Yields: 1 Serving

Görünüşü bir sənət əsəri kimi, zərif, dadlı buket çörək. Briyoş, 16-cı əsrdən bəri hazırlanan bir Fransız çörək növüdür. İlk dəfə Fransanın şimalındakı Normandiyada hazırlanıb. Evdar.az  yumşaq, ləzzətli və buket görünüşüylə qonaqlarınızı təəcübləndirəcək Briyoş çörəyinin reseptini təqdim edir.

Tərkibi:

  • 350 qr un
  • 80 qr yumşaldılmış kərə yağı
  • 2 ədəd yumurta sarısı
  • 140 ml isti süd
  • 3 xörək qaşığı şəkər tozu
  • 12 qr yaş maya
  • 1/2 çay qaşığı duz

Üzəri üçün şəkər qatılmış süd

Üzərinə səpmək üçün şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda ilıq süddə şəkər tozu və mayanı qarışdırın. Köpürməsi üçün 10 dəqiqə üstünü örtüb kənarda saxlayın. Dərin bir qaba un və duzu tökün. Orta hissəsinə 2 ədəd yumurtanın sarısını, mayalı südü və yumşaldılmış kərə yağını əlavə edin. Mikserin xəmir başlığı ilə və ya əllə 10 dəqiqə yoğurun. Yoğurduğunuz xəmirin üstünü nəmli mətbəx dəsmalıyla örtüb 2 saat acıması üçün kənara qoyun. Xəmiri oxlovla açıb, 7-8 sm-lik peçenye qəlibləriylə dairələr kəsin. 3 dairəni üst-üstə düzüb yuxarıdan aşağıya doğru qatlayın. Daha sonra orta hissəsindən ikiyə bölün. Eyni qaydayla bütün dairələri kəsin. Dairəvi soba sinisini yağlayın, gül forması olan hissəsi üstdə qalmaq şərtiylə siniyə yerləşdirin. Mayalanması üçün 1 saat dinləndirin. Çox sıx doldurmayın, çünki 1 saat qaldıqda xəmir qabaracaq. Üzərinə şəkər qatılmış südü fırçayla yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər 25-30 dəqiqə bişirin. Zövqə görə hazır çörəyin üzərinə şəkər kirşanı səpərək süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.