Cuisine: Azərbaycan Mətbəxi, Lənkəran Mətbəxi
Yields:
1 Serving
Lənkəran mətbəxi zəngin çeşidi, dadlı, ləzzətli, özünəməxsus yeməkləri ilə tanınır. Cənub bölgəsinin mərkəzi kimi tanınan Lənkəran UNESKO tərəfindən 4 il müddətinə dünya mətbəx mədəniyyətinin paytaxtı elan olunub.
Qeyd edək ki, Lənkəran mətbəxinə məxsus qozlu kükü, ləvəngi plov, boranı plov, mərci plov, turşu kabab, çölmə kabab, badımcan ləvəngisi, fisincan, balıq sırdağı, lökü, tərə yeməyi, qəndi külçə, murqutuş, qiyməqatıq kimi ləziz təamlar ölkədən kənarda da tanınır və sevilir.
Bir çox bölgələrimiz kimi Lənkəran mətbəxinə məxsus qədim yeməklər var ki, unudulmaqdadır. Bunlardan biri də “Mərci pətə”-dir. Evdar.az Xan Lənkəranın unudulmuş yeməklərindən olan mərci pətənin reseptini təqdim edir.
Xan Lənkəranın Unudulmuş Yeməyi- Mərci Pətənin tərkibi:
- 1 stəkan yaşıl mərcimək
- 100 qr qoz ləpəsi
- 1 ədəd soğan
- 1-2 dilim boranı
- duz, istiot
- üyüdülmüş keşniş toxumu
Xan Lənkəranın Unudulmuş Yeməyi- Mərci Pətənin hazırlanma qaydası:
İlk öncə mərciməyi yuyub üzərinə su töküb bişməyə qoyun. 1-2 dilim boranı da qabığını soyub mərciməyə əlavə edib suyu çəkilib yumşalana qədər bişirin. Başqa bir tavada yağda aypara şəklində doğranmış soğanı yüngül qovurun. Qoz ləpəsini qozçəkəndən keçirib və ya xırda doğrayıb soğanın üzərinə töküb qarışdırın. Bişmiş mərcimək və balqabağı, zövqə görə duz, istiot, üyüdülmüş keşniş toxumunu da əlavə edib qarışdırın. Daha sonra blenderlə püre halına gələnə qədər əzin.
Əlavə qeyd:
- Mərci pətə keçmişdə ağacdan olan taxta boşqabda daş ilə döyülürdü.
- Zövqə görə qoz ləpəsini xırdalayıb əlavə edə bilərsiniz.
Nuş Olsun!