Yeni il ərəfəsində bolluğun simvolu kimi tanınan nar orqanizmdə iltihabı azaldır. Antioksidant xüsusiyyətləri ilə bədəndən toksinlərin atılmasını asanlaşdırır. Tərkibində çoxlu B vitaminləri var, eyni zamanda həzm xəstəliklərinin inkişafının qarşısını alır. Zehni inkişafı dəstəkləyir və Alzheimer xəstəliyi riskini azaldır. Tərkibində lif olduğu üçün yağların yandırılmasında mühüm rol oynayır. Buna görə də tez-tez pəhriz siyahılarına daxil edilir.
Ümumiyyətlə salat və şirniyyatlarda istifadə edilən bu meyvə, suyu çəkildikdə içki kimi də istehlak edilə bilər. Müxtəlif qarışıqlarla birləşdirilərək sousun hazırlanmasında da istifadə olunur. Bir az turş dadı ilə xüsusilə sobada hazırlanan xörəklərlə süfrəyə verilir. Ürək-damar sağlamlığına faydalı olan nar bədəndə qan əmələ gətirən hüceyrələri də artırır. Orqanizmin immun sistemini gücləndirərək tənəffüs yolu infeksiyaları, qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində istifadə olunur. Piylənməni azaldan meyvələr arasında birinci yerdədir. Şəkər az olduğu üçün diabet xəstələri də rahatlıqla istehlak edə bilərlər. Yeni il gecəsində yeni dadlar kəşf etmək istəyirsinizsə, dünyanın ən sağlam meyvəsi kimi tanınan narla möcüzələr yaratmağa hazırlaşın.
Yeni ilin simvoluna çevrilən narla hazırlaya biləcəyiniz ən ləzzətli salat, yemək və desertlər hazırlaya bilərsiniz.
Evdar.az narla hazırlanan dadlı reseptləri təqdim edir.
Milli Mətbəximizin Ləziz “Nardança Plovu”
Milli Mətbəximizin Ləziz “Nardança Plovu”nun tərkibi:
- 1 kq düyü
- 500 qr-lıq cücə
- 100 qr nar dənəsi
- 100 qr şabalıd
- 1/2 çay qaşığı duz
- 2 çimdik istiot
- qatı nar şərabı
- qurudulmuş nar dənələri (nardənək)
Qazmaq üçün:
- 2 ədəd yumurta
- 2 xörək qaşığı kərə yağı
- 2 xörək qaşığı un
- 40 qr xama (qatıq)
- 1 çimik duz
- bir az qaynadılmış düyü
- sarıkök
Milli Mətbəximizin Ləziz “Nardança Plovu”nun hazırlanma qaydası:
İlk öncə düyünü duzlu suda yarıbişmiş olana qədər qaynadın və süzün.
Qazmağı hazırlamaq üçün bir qabda un, qatıq və yumurtanı qarışdırın. Üzərinə bir az qaynadılmış düyü, bir çimdik duz və sarıkök əlavə edib qarışdırın. Qızdırılmış qazana yağ töküb isidin. Hazırladığınız qazmağı qazanın dibinə yayın. Qazmağın üzərinə qurudulmuş nar dənələri səpin. Yarıya bölünmüş cücəni duz və istiotla ovuşdurun. Cücəni qazmağın üzərinə düzün. Narşərabından 1 xörək qaşığı ətlərə yaxın. Təmizlənmiş, şabalıdları da səpin. Daha sonra bişib süzülmüş düyünü qazana əlavə edin. Dəmlənmiş zəfəran da gəzdirməyi unutmayın- bu plova gözəl qızılı rəng verəcəkdir. Qazanın qapağını təmiz mətbəx dəsmalıyla və ya folqa kağızıyla örtüb dəmə qoyun.
Faydalı və Dadlı Narlı Çuğundur Salatı
Faydalı və Dadlı Narlı Çuğundur Salatının tərkibi:
- 2 ədəd çuğundur
- 1 ədəd toyuq filesi
- 100 qr qoz ləpəsi
- 1-2 ədəd nar
- yarım dəstə göy soğan
- 1 diş sarımsaq
- duz, istiot
- mayonez
Faydalı və Dadlı Narlı Çuğundur Salatının hazrlanma qaydası:
İlk öncə narı dənələyin. Çuğunduru suda bişirin. Toyuq filesini də az duzlu suda bişirib didin. Bişib soyuyan çuğunduru kiçik kub formasında doğrayın. Qoz ləpəsini xırdalayın. Yarım dəstə göy soğanı doğrayın, sarımsağı sarımsaqəzəndən keçirin.Bir qabda bişib doğranmış çuğundur, didilmiş toyuq filesi, xırdalanmış qoz ləpəsi, doğranmış göy soğan, əzilmiş sarımsaq, nar dənələri, duz, istiot və mayonez töküb yaxşıca qarışdırın. Əgər mayonezli salat yemirsinizsə mayonezi xama və xardal qarışığı ilə əvəz edə bilərsiniz.
Nar Suyunda Bişmiş Heyva Deserti
Nar Suyunda Bişmiş Heyva Desertinin tərkibi:
- 3 ədəd heyva
- 2 ədəd nar
- 2 ədəd alma
- 1,5 stəkan şəkər tozu
- yarım çay qaşığı darçın tozu
- 1 xörək qaşığı mixək
- 100 qram qaymaq
Üzəri üçün:
- nar dənəsi
- antep fıstığı
Nar Suyunda Bişmiş Heyva Desertinin hazırlanma qaydası:
İlk öncə almaların qabığını soyub sürtgəcdən keçirin. Bir tavaya sürtgəcdən keçirilmiş almanı töküb üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Üzərinə darçın tozu əlavə edib ocaqdan götürün. Heyvanın qabığını soyub ortadan ikiyə bölün. İç hissəsini kəsib götürün. Heyvaları qazana qoyub üzərinə 2 ədəd narın suyunu əlavə edib yumşalana qədər bişirin. Bişirdikdən sonra heyvaları soba sinisinə qoyun, bişmiş alma püresi ilə doldurun. Kənarlarına mixəkləri batırın. Üzərinə bir az bişən suyundan səpib folqa ilə örtün və sobada bişirin. Qalan nar şirəsini qatılaşana qədər qaynadın və qatı mürəbbə konsistensiyasına gətirin. Nar şirəsində bişmiş almalı heyva desertini süfrəyə verdikdə üzərinə qaymaq əlavə edin. Nar sousu, nar dənəsi və antep fıstığı ilə bəzəyib nuş edin.
Əlavə qeyd:
- Heyvalar bişirildikdə hər tərəfi bərabər bişirilməlidir, əks halda desertinizin bir az fərqli dadı olacaq.
- Heyvanın tumları düzgün şəkildə çıxarılmalı, içi düzgün təmizlənməlidir.
- Heyva desertində ümumiyyətlə mixək ətri hiss olunur, bunun üçün reseptinizə diqqət edərək hazırlamalısınız.
- Heyva çox turş olarsa, şəkərin miqdarı buna uyğun tənzimlənməlidir.
- Heyva və digər meyvəli desertlər soyuq şəkildə verilir.
Ördək Ətindən Nar-Şabalıd Qovurması
Ördək Ətindən Nar-Şabalıd Qovurmasının tərkibi:
- ördək əti
- soğan
- kərə yağı
- duz, istiot, sarıkök
- nar dənələri
- təmizlənmiş, bişmiş şabalıd
Ördək Ətindən Nar-Şabalıd Qovurmasının hazırlanma qaydası:
İlk öncə ördək ətini suda yaxşıca yumşalana qədər bişirin. Bişmiş ətin suyunu kənara ayırın. Kərə yağını qazanda əridib bişmiş ördək ətini yağda qızardın. Qızaran ətləri qazandan götürüb başqa qaba yığıb kənara qoyun. Həmin tavada yarım halqa doğranmış soğanları da qovurub üzərinə duz, istiot və sarıkök əlavə edib qarışdırın. Daha sonra nar dənələri, təmizlənmiş bişmiş şabalıd və qızartdığınız ördək ətlərini də əlavə edib qarışdırın. Üzərinə kənara ayırdığınız ət suyundan əlavə edib qazanın qapağını örtün. Yeməyi vam odda yağa düşənə qədər bişirin. Zövqə görə yeməyi süfrəyə verəndə üzərinə nar dənəsi səpə bilərsiniz. Ördək qovurmasını adi üsulla süzdüyünüz plovla süfrəyə verin.
Azərbaycan Mətbəxinin Ləziz Sousu-Nardança
Azərbaycan Mətbəxinin Ləziz Sousu-Nardançanın tərkibi:
- 3 kq soğan
- 5 kq nar
- 700 qr duru yağ
- 3 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı duz
Azərbaycan Mətbəxinin Ləziz Sousu-Nardançanın hazırlanma qaydası:
İlk öncə soğanın qabığını soyub nazik doğrayın. Tavaya soğanları töküb ocağa qoyun. Üzərinə duru yağ töküb qarışdırın. Tavanın qapağını örtüb soğanları bişirin. Narı dənələyin. Qovrulub rəngi dəyişən soğanlara nar dənələrini əlavə edib qarışdırın. Narı tökdükdən sonra tavanın qapağını örtməyin. Əgər qoysanız nar dənələri buxardan sulanıb əziləcək. Nardançanı yağa düşənə qədər bişirin. Üzərinə duz və şəkər tozu əlavə edib qarışdırın. 5 dəqiqə daha qovurub ocaqdan götürün. Hazır nardançanı süfrəyə plov, balıq və ya ət yeməklərinin yanında verə bilərsiniz. Artıq qalan nardançaları soyuducu paketlərinə doldurub soyuducunun dondurucu rəfində 1 il saxlaya bilərsiniz.
Desertlərin Ən Gözəli: Narlı Brauni (Brownie)
Desertlərin Ən Gözəli: Narlı Brauni (Brownie)nin tərkibi:
- 120 qr otaq temperaturunda kərə yağı
- 240 qr doğranmış bitter şokolad
- 1 stəkan şəkər tozu
- 4 ədəd otaq temperaturunda yumurta
- 1 çimdik duz
- 1 stəkan un
- 1 stəkan nar dənələri
Üzəri üçün :
- 1/2 (yarım) paket qaymaq
- 2 xörək qaşığ şəkər kirşanı
- apardığı qədər nar dənələri
- apardığı qədər nanə yarpaqları
Desertlərin Ən Gözəli: Narlı Brauni (Brownie)nin hazırlanma qaydası:
Kərə yağı ilə şokoladı su hamamında və ya mikrodalğalı sobada əridin və qarışdırın. Otaq istiliyinə gəldikdə şəkər tozunu əlavə edib tel çırpıcıyla qarışdırın. Yumurtaları tək-tək əlavə edin və qarışdırın. Duz və unu ələyərək əlavə edin və yalnız qarışana qədər qarışdırın. Narları da əlavə edib altdan üstə çevirərək qarışdırın. Muffin kağızlarını muffin qabına qoyun və xəmiri bölüşdürün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Daha çox bişirsəniz, keks konsistensiyasında olacaq.
Kremini hazırlamaq üçün qaymaq və şəkər tozunu mikserin yüksək sürətində yaxşıca çırpın. Kremi konditer torbasına doldurub istədiyiniz kimi bəzəyə bilərsiniz. Ləziz braunini nar dənələri və nanə yarpaqları ilə bəzəyib süfrəyə verin.
Bişmiş Tərəvəzli, Narlı Ləziz Salat
Bişmiş Tərəvəzli, Narlı Ləziz Salatın tərkibi:
- 1 ədəd böyük çuğundur
- 1 ədəd yerkökü
- 1 ədəd qırmızı soğan
- 100 qr bişmiş noxud
- yarım dəstə cəfəri
- 30 qr qoz ləpəsi
- 50 qr nar dənəsi
- 0,5 çay qaşığı duz
- bir çimdik istiot
- 50 ml zeytun yağı
Sousu üçün:
- 1 xörək qaşığı zeytun yağı
- 1 xörək qaşığı nar sousu
- 1 xörək qaşığı bal
- yarım limonun suyu
Bişmiş Tərəvəzli, Narlı Ləziz Salatın hazırlanma qaydası:
İlk öncə çuğundur,yerkökü və qırmızı soğanı böyük kub formasınd doğrayın. Yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərinə duz, istiot səpib zeytun yağı çiləyin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Qoz ləpəsini və cəfərini xırda doğrayın. Sousu hazırlamaq üçün bir qabda zeytun yağı,nar sousu, bal və limon suyunu qarışdırın. Salatı hazırlayacağınız qaba bişmiş tərəvəzləri,bişmiş noxudu,doğranmış qoz,cəfəri və nar dənələrini töküb qarışdırın. Salata sousu da əlavə edib qarışdırın.
Həm Ləzzətli, Həm də Faydalı Narlı Salat
Həm Ləzzətli, Həm də Faydalı Narlı Salatın tərkibi:
- 3-4 yarpaq kahı
- 1 dəstə rukola və ya roka
- 3-4 budaq təzə nanə
- 3-4 ədəd yaşıl soğan
- dənələnmiş yarım nar
- 7-8 ədəd qoz ləpəsi
- 2 xörək qaşığı nar siropu
- 1 xörək qaşığı limon suyu
- yarım stəkan zeytun yağı
- duz, sitiot
Həm Ləzzətli, Həm də Faydalı Narlı Salatın hazırlanma qaydası:
Rukola, kahı yarpağı və nanəni bol suda yuduqdan sonra iri halda doğrayıb salat qabına tökün. Yaşıl soğanı da doğrayıb əlavə edin. Üzərinə nar dənələrini və qoz ləpəsini səpin.
Sousunu hazırlamaq üçün bir qaba zeytun yağı, nar siropu, limon suyu, duz və istiotu töküb yaxşıca çırpın. Salatın üzərinə sousu bərabər miqdarda töküb süfrəyə verin.
Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbəti
Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbətinin tərkibi:
- 3 kq nar
- 2 kq şəkər tozu
- 1 litr nar suyu
- 2 ədəd limon
- 3 ədəd çubuq darçın
- 2,5 litr su
Həkimlərin Tövsiyyə Etdiyi Nar Şərbətinin hazırlanma qaydası:
İlk öncə narları qabıqlarından təmizləyərək dənələyin. Böyük bir qazanın içərisinə nar dənələrini, şəkər tozunu və darçını tökün. Üzərinə suyu da əlavə edib zəif ocaqda şəkər tozu əriyənədək qaynadın. Qaynayan qarışığa 2 ədəd limonun suyunu əlavə edib şərbəti ocaqdan götürün. Soyuyan şərbətə nar suyu əlavə edib süzün. Nar şərbətini soyuducuya yerləşdirib soyuq halda(və ya otaq temperaturunda) süfrəyə verə bilərsiniz.
Narlı Zeytun Salatı
Narlı Zeytun Salatının tərkibi:
- 2 ədəd nar
- 4 ədəd közlənmiş qırmızı bibər
- 2 stəkan doğranmış yaşıl zeytun
- 4 xörək qaşığı xırda doğranmış cəfəri
Sousu üçün:
- 1 ədəd limon suyu
- 1 çay qaşığı duz
- 4 xörək qaşığı zeytun yağı
Narlı Zeytun Salatın hazırlanma qaydası:
İlk öncə közlənmiş bibərləri nazik doğrayın. Narları soyub dənələrini ayırın. Şüşə kasaya doğranmış cəfəri, közlənmiş bibər, nar dənləri və yaşıl zeytunları tökün. Başqa bir qabda limon suyu və duzu çəngəllə yaxşıca çırpıb, içərisinə zeytun yağını yavaş-yavaş qarışdıraraq əlavə edin. Hazırladığınız sousu salatın üzərinə töküb salatı qarışdırın.
Saytda nar haqqında dərc olunan digər məqalələrimizə də göz gəzdirə bilərsiniz.
- Cənnət Meyvəsi Narın Möcüzəvi Faydaları
- Faydasını Eşidəndə Çox Təəccüblənəcəksiniz! Nara Duz Töküb Yesəniz…
Yeni ilə girərkən hazırlaya biləcəyiniz fərqli və dadlı reseptlər üçün isə Yeni il gecəsi yeməklərinə nəzər salın.
Nuş OLsun!