Milli Mətbəximizin Ləzzət Simvolu “Pip Dolması”

Yields: 1 Serving

Azərbaycanın milli xörəklərindən biri də Pip dolmasıdır. Pip ağacının müalicəvi, yumşaq və nazik yarpaqları “Pip dolmasının” ləzzətini daha da təkrarolunmaz edir. Zərifliyi və ləzzəti ilə digər yapraq dolmalarından fərqlənir. Qeyd edək ki, pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2-4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Evdar.az ləzzətini uzun müddət xatırlayacağınız pip dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq dana əti
  • 3 ədəd soğan
  • 200 qr quyruq
  • 1 dəstə şüyüd, keşniş
  • 150 qr yumru düyü
  • 3 xörək qaşıığı nanə qurusu
  • 4 xörək qaşığı zeytun yağı
  • duz, istiot
  • pip yarpağı

Hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün əti ətçəkən maşından keçirin. Quyruğu və soğanı da çəkib qiyməyə əlavə edin. Qiyməyə xırda doğranmış göyərti, duz və istiot əlavə edib qarışdırın. Təzə pip yarpaqlarını qaynar suda pörtlədin və ya duza qoyulmuş yarpaqları yarımhazır vəziyyətə gələnədək suda bişirin. Pip yarpaqlarına içlikdən qoyub bükün. Bu qaydayla yarpaq və içlik bitənədək dolmaları büküb qazana yığın. Dolmanın üzərinə su töküb bişirin. Zövqə görə üzərinə doğranmış kərə yağı düzüb bişirin. Bişən dolmanı süfrəyə qatıqla birlikdə verə bilərsiniz.

Nuş Olsun!

Qeyd:

  • Bəzi bölgələrdə qiyməyə rəndələnmiş sarımsaq, sarıkök, darçın və isladılmış noxud ləpəsi əlavə edilir.
  • Qazana düzülmüş dolmaların üzərinə 3 ədəd pomidor dilimləri düzə bilərsiniz.
  • Pip dolmasını güvəcdə bişirmək istəsəniz güvəcin dibinə quyruq yağı düzüb üzərinə dolmaları doldurun. Su töküb 1-1,5 saat bişirin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir