Qax rayonu özünəməxsus mətbəxi ilə seçilir. Ləziz yeməklərindən biri də qozlu, turşulu, lobyalı döşəmə plovdur. Evdar.az Qax aşının reseptini təqdim edir.
Tərkibi:
- 3,5 stəkan düyü
- 1 ədəd cücə (quzu əti də olar)
- 1,5 stəkan qırmızı lobya
- 1,5 stəkan qoz ləpəsi
- 1 ədəd soğan (yarısı ətə, yarısı lobyaya)
- 2 ədəd yumurta
- 3 xörək qaşığı qatıq
- 150 qr kərə yağı
- 2 xörək qaşığı gavalı turşusu
- duz, istiot, sarıkök, nanə qurusu
Hazırlanma qaydası:
Bir gün öncədən cücəni təmizləyib yuyun. Bir qabda gavalı turşusu, duz, istiot və xırda doğranmış soğanı əlavə edib qarışdırın. Bu qarışıq ilə cücəni marinə edib soyuducuya yerləşdirin.
Lobyanı suda isladıb bişirin. Qozu blenderlə xırdalayın, soğanı çox xırda doğrayın. Bir qabda bişmiş lobya, xırdalanmış qoz ləpəsi, xırda doğranmış soğan, duz və nanə qurusunu töküb qarışdırın. Düyünü adi qaydada bişirib süzün. Qazmağı hazırlamaq üçün bir qabda yumurta, qatıq, duz və sarıkökü qarışdırın. Bişmiş düyüdən yumurtalı qarışığa töküb qarışdırın. Qazanda yağı qızdırıb hazırladığını qazmağı qazanın dibinə yayın. Qazanın qapağını örtüb qazmağın tutması üçün 3-4 dəqiqə vam odda bişirin. Daha sonra bir az düyü töküb yayın. Üzərinə marinad etdiyiniz cücəni yerləşdirin. Lobyalı,qozlu qarışığı da cücənin üstündən qazana əlavə edib yayın. Düyü ilə lobyanın qarışmaması üçün qazana boşqab yerləşdirin. Qalan düyünü də əlavə edin və düyünün üzərinə kiçik kub formasında doğranmış kərə yağı yerləşdirin. Plovu 2 saatlıq dəmə qoyun.
Nuş Olsun!