Dadıyla Seçilən Zaqatala Mətbəxinin Buğ Xəngəli

Yields: 1 Serving

Buğ xəngəli qaxac ət ilə hazırlanan ləziz yeməkdir.  Zaqatala və Balakən rayonlarına məxsus olan bu xəmir xörəyi digərlərindən fərqli olaraq, ətin buxarında bişirilir. Evdar.az buğ xəngəlinin reseptini təqdim edir.

Dadıyla Seçilən Zaqatala Mətbəxinin Buğ Xəngəli tərkibi:

Xəmiri üçün:

  • 1 ədəd yumurta
  • 1 çay qaşığı duz
  • 300 qr un
  • apardığı qədər su

Dib döşəmə əti üçün:

  • 1,5 kq mal əti qabırğası
  • 1 ədəd soğan
  • 3-4 diş sarımsaq
  • 4-5 dəfnə yarpağı
  • 15-20 istiot dənəsi
  • 1 çay qaşığı duz

Dadıyla Seçilən Zaqatala Mətbəxinin Buğ Xəngəlinin hazırlanma qaydası:

İlk öncə soğanın qabığını soyub 4 hissəyə bölün. Sarımsağı da soyub iki hissəyə bölün. Mal əti qabırğasını  böyük dilim formasında doğrayın. Qazana ətləri soğan, sarımsaq, dəfnə yarpağı, dənə istiot və ətlərin üzərinə çıxan qədər su töküb zəif odda 1 saat bişirin. Ən sonda ətin duzunu vurun. Tam bişməməsinə diqqət edin ki, sonradan xəngəllərlə birlikdə yenidən bişdikdə ət çox dağılmasın. Bişən ətləri başqa bir qazana düzüb, süzgəclə suyunu üzərinə süzüb təkrar ocağa qoyun.

Xəmiri hazırlamaq üçün bir qabda un, duz, yumurta və apardığı qədər su əlavə edib xəmir yoğurun. Xəmirdən 4 ədəd kündə hazırlayın. Kündələri bir-bir yayıb yağlayın. Və ya hər yuxanın arasını bir-birilərinə yapışmayacaq şəkildə yağlayıb üst-üstə yığın. Daha sonra istədiyiniz formada (kvadrat, romb) kəsib ətlərin üzərindən qazana düzün. Xəngəlləri düzdükdə kənarlarından və tam orta hissədən boşluq saxlamaq lazımdır ki, buxar qazanın hər tərəfinə yayılaraq bütün xəngəlləri eyni dərəcədə bişirə bilsin. Ətlərin üzərinə yuxaları düzdükdən sonra qazanın qapağını örtüb ocaqda bişirin. Su az olarsa, xəngəllər bişənə qədər az-az su əlavə etmək olar. Ancaq suyun xəngəllərə dəyməməsinə diqqət edin. Bişdikdən sonra ilk öncə xəngəlləri qaba düzüb üzərinə əti və suyunu əlavə edib süfrəyə verin. Bu ləziz yeməyin yanında süfrəyə sarımsaqlı qatıq verə bilərsiniz.

Əlavə qeyd:

  • Bu xəmir xörəyi qaxac ət və qaxac dolmadan da hazırlanır.
  • Buğ xəngəlinin xəmiri nazik formada yayılır. Əsas xüsusiyyəti isə xəmirlərin bir-birinə yapışmaması üçün yağlanmasıdır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir