Kür çayının Xəzər qovşağında yerləşən Neftçala rayonu qədim zamanlardan balıqçılığı və özünəməxsus müxtəlif balıq yeməkləri ilə məşhurdur. Bu ləziz təamlardan biri də Dolma balıqdır. Evdar.az Neftçala mətbəxinin şah yeməyi dolma balığın reseptini təqdim edir.
Neftçala Mətbəxinin Şah Yeməyi Dolma Balığın tərkibi:
- balıq (çəki, xəşəm, kütüm)
- 3 ədəd ağ və ya qırmızı soğan
- 4-5 ədəd pomidor
- bibər
- 300 qr göy alça, xar tut və ya albalı
- duz. istiot, nanə qurusu, giləmərzə
- şüyüd, keşniş
- əncir yarpağı və ya üzüm yarpağı
- mövsümünə görə nar dənəsi
- bağlamaq üçün tənzif
Neftçala Mətbəxinin Şah Yeməyi Dolma Balığın hazırlanma qaydası:
İlk öncə balığı təmizləyib yuyun. Təmizlənmiş balığın bel hissəsindən kəsib qayıq kimi açın. Balığın iç hissəsindən çərtib yaxşıca duzlayın və 2 saatlıq və ya bir günlük soyuducuda gözlədin. Və ya əvvəlcədən duzlanmış balığı istifadə edə bilərsiniz.
İçliyi hazırlamaq üçün başqa bir qabda xırda doğranmış soğan, göy alça, pomidor, duz, istiot, nanə qurusu, nar dənəsi və giləmərzə əlavə edib qarışdırın. İri bir qabın içərisinə tənzif sərin. Tənzifin üzərinə üzüm və ya əncir yarpağını düzün. Balığı yarpağın üzərinə yerləşdirib içlik ilə iç hissəsinə və qulağına doldurun. Yenidən üstdən üzüm və ya əncir yarpağı düzüb, tənzifi bərk bağlayın. İri bir qazanın içərisinə kasa və ya iri çay daşı yerləşdirin. Bağlanmış balığı da daşın üzərinə qoyun. Qazana bağlamanın üzərinə çıxamayacaq qədər su tökün. Qazanın qapağını bağlayıb bu şəkildə buxarda bişirin. Suyu azaldıqda bir az da su tökün ki, balıq yaxşıca bişsin. Hazır dolma balığı soyuq halda süfrəyə verilir. Bu balıq yeməyinin yanında doğramac ,ayran, soyutma kartof, qatıq və ya qarpız verilir.
Əlavə qeyd:
- İçliyi hazırlamaq üçün məhsulları balığın həcmindən asılı olaraq artırıb azalda bilərsiniz.
-
İçliyə zövqə görə zoğal, göyəm və turş gavalı əlavə edə bilərsiniz.
-
Doğranmış soğanı əvvəlcədən az duzla ova və ya yüngül yağda qovura bilərsiniz.
-
Dolma balıq yeməyini çəki, kütüm, xəşəm, yağlı nərə, hətta losos balığından hazırlamaq olar.
Nuş Olsun!