Bəğrir (Baghrir) südsüz, yumurtasız çox ləzzətli Mərakeş blinçikidir. Bu blinçikin xəmiri tavada bişməyə başladıqda xırda dəliklər görünməyə başlayır. Məsaməli blinçikin yalnız bir tərəfi qızardılır. Bəğrir süfrəyə müxtəlif əlavələrlə verilir: bal, yağ, qatılaşdırılmış süd, südlü şokolad, mürəbbələr, cemlər və konservlərlə. Evdar.az blinçikin reseptini təqdim edir.
Mərakeş Blinçiki “Bəğrir”in tərkibi:
- 200 qr manna yarması
- 100 qr un
- 1 çay qaşığı maya
- 1 xörək qaşığı şəkər tozu
- 1 çimdik duz
- 550 ml ilıq su
- 1 paket qabartma tozu
- 1 çay qaşığı sirkə
Mərakeş Blinçiki “Bəğrir”in hazırlanma qaydası:
İlk öncə dərin bir qaba manna yarması, un, maya, şəkər tozu, duz və ilıq suyu töküb qarışdırın. Daha sonra əl blenderiylə 2-3 dəqiqə yaxşıca qarışdırın. Qabın üzərinə streç salafan və ya mətbəx dəsmalı örtüb 15-20 dəqiqə kənarda gözlədin. Üzərinə qabartma tozu və sirkə əlavə edib qarışdırın. Quru tavanı yüksək temperatura qədər qızdırın (yağlamayın!). Hazır xəmirdən bir çömçə qaşıq götürüb qızdırılmış yapışmayan tavanın orta hissəsinə tökün və yumşaq hərəkətlərlə tavanın bütün səthinə yayın. Qızarmağa başlayan blinçiklərdə qabarcıqlar əmələ gəlməyə başlayır, bu da blinçiklərin üzərində dəliklərə çevrilir. Bu blinçiki orta odda yalnız bir tərəfli bişirin. Xəmir bitənə qədər bu qaydayla tavanı yağlamadan blinçiklər qızardın. Hazır blinçikləri kərə yağı ilə yağlayıb balla süfrəyə verin. Blinçiklər şirin olmadığı üçün onları həm də konservlərlə yeyə bilərsiniz.
Nuş Olsun!