Balqabaq uşaqların da rasionuna daxil edilən çox faydalı tərəvəzdir. Ancaq bir çox uşaqlar balqabağın dadını sevmir. Balqabaq sevməyən uşaqların belə ləzzətlə yeyəcəyi bir desert hazırlaya bilərsiniz. Evdar.az ballı, darçınlı “Narıncı Günəş” desertinin reseptini təqdim edir.
Ballı, Darçınlı Balqabaq Desertinin tərkibi:
- 400 qr balqabaq
- 100 ml su
- 2 xörək qaşığı maye bal
- yarım çay qaşığı darçın tozu
Ballı, Darçınlı Balqabaq Desertinin hazırlanma qaydası:
İlk öncə balqabağın qabığını soyun, tumlarını çıxarın və kiçik kub formasında doğrayın. Balqabağı bir qəlibə töküb yayın və üzərinə su tökün. Qəlibin üzərinə folqa kağızı örtüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Daha sonra folqanı çıxarıb 10-15 dəqiqə daha bişirməyə davam edin. Bişmiş balqabaqları sobadan götürüb boşqaba düzün. Üzərinə bal töküb və darçın səpib süfrəyə verin.
Əlavə qeyd:
Zövqə görə desertə qoz ləpəsi, ərik qurusu və ya üzüm qurusu əlavə edə bilərsiniz. Bu desert çırpılmış qaymaq və ya dondurma ilə də süfrəyə verilə bilər.
Nuş Olsun!