Yanmış spagetti İtaliyanın Puglia bölgəsinin məşhur yeməyidir. İlk baxışda bütün bildiklərimizə zidd görünsə də, karamelize edilmiş və yanmış dadı olan xırtıldayan spagetti çox gözəl reseptdir. Evdar.az yanmış spagettinin reseptini təqdim edir.
İtaliya Mətbəxinin Yanmış Spagetti Yeməyinin tərkibi:
- 300 qr spagetti
- 2 diş sarımsaq
- 1 ədəd acı bibər qurusu(bütöv və ya doğranmış halda)
- 1 banka pomidor sousu
- 8-10 xörək qaşığı zeytun yağı
- 2 xörək qaşığı tomat pastası
- 1-1,5 litr su
- krem pendir
- cəfəri
- duz, istiot
İtaliya Mətbəxinin Yanmış Spagetti Yeməyinin hazırlanma qaydası:
İlk öncə bir qazana tomat pastası və qaynar su əlavə edib yaxşıca qarışdırıb zəif ocaqda saxlayın ki, isti qalsın.
Tavaya zeytun yağı töküb qızdırın. Qızdırılmış yağa xırda doğranmış sarımsağı və bütöv halda və ya doğranmış acı bibər qurusu əlavə edib qarışdırın.Yüngül qovrulan sarımsaqla acı bibərin üzərinə tomat sousu əlavə edib qarışdırın. Qaynayan sousunun suyu çəkilib yağa düşdükdə spagettini ehtiyyatla tavaya yerləşdirib yayın. Spagettilər quruyub qızardıqda 2-3 dəqiqə sonra qırmadan çevirin. Digər tərəfi də qızaran spagettiyə hazırladığınız tomatlı sudan hər dəfə 1 və ya 2 qaşıq əlavə edib bişməyə qoyun. Yeməyin suyu buxarlandıqca hər dəfəsində tomatlı sudan əlavə edin. Duz və istiot da töküb spagetti bişənə qədər su əlavə etməyə davam edin. Bişən spagettini boşqaba qoyub üzərinə krem pendir və doğranmış cəfəri əlavə edib süfrəyə verin.
Nuş Olsun!