Dağları və meşələri ilə göz oxşayan Xızı rayonunun özünəxas mətbəxi var. Adriyalı aşı da Xızı mətbəxinin unudulmaqda olan ləziz yeməklərindən biridir. Evdar.az Xızı mətbəxinin unudulmuş yeməyi Adriyalı aşın reseptini təqdim edir.
Xızı Mətbəxinin Unudulmuş Yeməyi-Adriyalı Aşın tərkibi:
- qaragöz lobya
- kərə yağı
Xəmiri üçün:
- un
- su
- duz
Xızı Mətbəxinin Unudulmuş Yeməyi-Adriyalı Aşın hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün un, duz və su əlavə edib xəmir yoğurun. Xəmiri dəzgahın üzərinə oxlovla yayıb unlayın və rulet kimi büküb əriştələr kəsin. Doğradığınız əriştələri bir gün sərin ki, qurusun. Daha sonra soba sinisinə yerləşdirib əvvəlcədən qızdırılmış sobada rəngi dəyişənə dəyişənə qədər bişirin. Və ya zəif odda sacda da qovura bilərsiniz. Sobadan götürüb soyudun.
Qaragöz lobyanı da bir gecə suda isladıb səhər bişirin. Zövqə görə qaragöz lobya əvəzinə mərcimək və ya düyü ilə bişirə bilərsiniz. Qazanda duzlu su qaynamağa qoyun. Qaynayan suya qovrulmuş əriştələri töküb bişirin. Bişmiş əriştələri aşsüzənlə süzüb kənara qoyun. Qazana əridilmiş kərə yağı töküb bir qat bişmiş əriştə töküb üzərinə bişmiş qaragöz lobya səpin. Duru yağını da əlavə edib bu qaydayla qatlarla əriştə, lobya və duru yağ töküb doldurun. Adriyalı aşını zəif ocaqda dəmə qoyun. Bu ləziz aşın yanında hisə verilmiş və ya sobada bişmiş leş (çapaq), xəşəm balığı verə bilərsiniz.
Nuş Olsun!