Əfsanəyə görə, Kutuzovun həyat yoldaşı Yekaterina İlyiniçna, əri Borodino döyüşündən qalib qayıtdıqdan sonra bu tortu bişirib və “Kutuzov” tortu olaraq adlandırıb. Keşmiş dövrdən bu günə qədər sevilən desertlərdən olan bu tort çay süfrələrinin əvəzolunmazıdır. Evdar.az ləziz “Kutuzov” tortunun reseptini təqdim edir.
Uşaqlığımızın Dadı: Ləziz “Kutuzov” Tortunun tərkibi:
Biskviti üçün:
- 3 ədəd yumurta
- 1 stəkan şəkər tozu
- 2 çay qaşığı vanil
- 100 qr kərə yağı
- 1 xörək qaşığı bal
- 100 qr təmizlənmiş fındıq ləpəsi
- 2 stəkan un
- 1/2 çay qaşığı qabartma tozu
- yağlamaq üçün kərə yağı
- bəzəmək üçün fındıq ləpəsi və şokolad
Kremi üçün:
- 250 qr orta yağlılıqda xama
- 100 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 2 çay qaşığı vanil
- 100 qr təmizlənmiş fındıq ləpəsi
Uşaqlığımızın Dadı: Ləziz “Kutuzov” Tortunun hazırlanma qaydası:
Biskvitini hazırlamaq üçün fındıq ləpəsini mətbəx kombaynıyla və ya qəhvəüyüdənlə xırdalayın. Bir qabda yumurta, şəkər tozu və vanili mikserlə yaxşıca çırpın. Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağı və mikrodalğalı sobada və ya zəif odda yüngül əridilmiş balı da əlavə edib çırpmağa davam edin. Xırdalanmış fındıq ləpəsini və ələnmiş unu, qabartma tozunu əlavə edib qarışdırın. Xəmirin bir hissəsini diametri 24-26 sm olan yağlanmış dairəvi qəlibə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Bu qaydayla qalan xəmiri də bişirib soyudun.
Kremi hazırlamaq üçün bıçaqla fındıq ləpəsini xırdalayın. Soyuq xamanı mikserlə çırpın. Üzərinə az-az şəkər tozu və vanili əlavə edib çırpmağa davam edin. Otaq temperaturunda yumşaldılmış kərə yağını da əlavə edib qarışdırın. Xırdalanmış fındıq ləpəsini də əlavə edib qarışdırın. Korjları kremləyib üst-üstə düzün. Tortun hər tərəfini kremləyib üzərini bəzəyin. Üzəri üçün kənara ayırdığınız fındıq ləpəsini xırdalayıb səpin. Sürtgəcdən keçirilmiş şokolad qırıntılarını da tortun üzərinə və kənarlarına səpib 8-10 saatlıq soyuducuya yerləşdirin.
Nuş Olsun!