Dondurma Dadında Giləmeyvəli Plombir Tortu

Dondurma Dadında Gilemeyveli Plombir Tortu
Yields: 1 Serving

Yüngül, ağızda əriyən və dondurmanı xatırladan giləmeyvəli plombir tortunu hazırlayaraq əzizlərinizi sevindirə bilərsiniz. Evdar.az giləmeyvəli plombir tortunun reseptini təqdim edir.

Giləmeyvəli Plombir Tortunun tərkibi:

Biskviti üçün:

  • 120 qr buğda unu
  • 120 qr moruq püresi
  • 90 qr şəkər tozu
  • 40 qr kərə yağı
  • 4 ədəd yumurta
  • 15 qr qarğıdalı nişastası
  • 6 qr qabartma tozu

Siropu üçün:

  • 150 qr moruq püresi
  • 50 qr su
  • 50 qr şəkər tozu

Kremi üçün:

  • 250 qr çiyələk püresi
  • 280 qr kərə yağı
  • 100 qr 33%-lik qaymaq
  • 140 qr şəkər tozu
  • 2 ədəd yumurta
  • 3 xörək qaşığı buğda unu

Giləmeyvəli Plombir Tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Başqa bir qabda unu və qabartma tozunu qarışdırın. Kərə yağını əridin və nişasta və moruq püresiylə qarışdırın. Yumurtalı qarışığın üzərinə unlu qarışığı əlavə edib spatulayla qarışdırın. Üzərinə moruq püresi qarışığını da əlavə edib qarışdırın (ancaq çox qarışdırmayın!). Xəmiri iki hissəyə ayırın, bir hissəsi digərindən az olmalıdır. Diametri 14-16 sm olan dairəvi qəlibə xəmirin bir hissəsini töküb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Qalan xəmiri də eyni qaydada qəlibə töküb bişirin. Otaq temperaturunda soyuyan biskviti qəlibdən çıxarıb isti halda streç salafana bükün və soyuducuya yerləşdirin. Soyuducudan çıxartdığınız biskvitin birini 3 hissəyə bölün. İkinci biskviti isə 2 hissəyə bölün.

Siropu hazırlamaq üçün bir qabda su, şəkər tozu və moruq püresini qarışdırın şəkər tozu əriyənə qədər ocaqda qaynadın. Soyuduqdan sonra biskvitləri bu siropla isladın.

Kremi hazırlamaq üçün su hamamı hazırlayın. Su ilə dolu bir qabın üzərinə istiliyədavamlı bir qab yerləşdirin. Su qaba toxunmamalıdır. Qaba yumurta. şəkər tozu, un, çiyələk püresi və qaymaq əlavə edib tel çırpıcıyla dayanmadan qarışdırın. Qaynayıb qatılaşan kütləni ocaqdan götürüb soyuducuda 30-35 °C-ə qədər  soyudun. Yumşaldılmış kərə yağını mikserlə rəngi açılana qədər çırpın. Çırpılmış kərə yağının üzərinə çiyələkli kütləni əlavə edib qarışdırın.

Siropla isladılmış biskvitləri kremləyib üst-üstə düzün. Tortun üzərini örtüb bir gecəlik soyuducuya yerləşdirin. Hazır tortun üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş OLsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir