Son zamanlar bütün dünyada böyük marağa səbəb olan və sosial mediada yayılan Dubay şokoladı özünəməxsus dadı ilə desertsevərlərin sevimlisinə çevrilib. Xırtıldayan kadayıf, püstə və zəngin şokoladı birləşdirən bu xüsusi dad Dubayın dəbdəbəli və yenilikçi imici ilə birləşərək qısa müddətdə fenomenə çevrildi. Ancaq bu populyarlığın arxasında səhiyyə mütəxəssislərinin xəbərdarlıqlarına diqqət yetirmək lazımdır. Evdar.az-ın məlumatına görə, qidalanma üzrə mütəxəssislər Dubay şokoladının həddindən artıq istehlakının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyinə, sosial medianın təsiri ilə bilinçsiz istehlakın mümkün təhlükələrinə qarşı ictimaiyyəti xəbərdar edir.
Dubay Şokoladının Zərərli Təsirləri
Xüsusilə gənclər arasında sürətlə yayılan Dubay şokoladının həddindən artıq istehlakının qısa və uzun müddətli təsirləri ilə bağlı xəbərdarlıqlar edilir. Belə ki, bu cür məhsulların həddindən artıq istehlakı ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək risklər daşıyır.
- Ultra işlənmiş qida: Dubay şokoladı yüksək işlənmiş qida olduğundan, onun tez-tez istehlakı sağlamlığa zərər verə bilər.
- Yüksək şəkər və yağ tərkibi: Yüksək şəkər və doymuş yağ tərkibi piylənmə, insulin müqaviməti və ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.
- Yüksək kalorili tərkibi: Şokoladın yüksək kalorili olması sürətli aclıq yaradaraq çəki artımına səbəb ola bilər.
- Dəri sağlamlığına təsirləri: Həddindən artıq istehlak sızanaq, dərinin vaxtından əvvəl qocalması və kollagen istehsalının azalması kimi problemlərə səbəb ola bilər.
- Diş çürüməsi riski: Tərkibindəki yüksək şəkər səbəbiylə diş sağlamlığına zərər verə bilər.
- Aflatoksin riski: Məhsulda istifadə edilən püstələrin qeyri-düzgün istehsalı aflatoksindən ( kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə ifraz edir) zəhərlənmə riskini artıra bilər. Kəskin zəhərlənmə zamanı qaraciyərin zədələnməsi, sarılıq, həzm sisteminin pozulması və hətta ölümlə nəticələnə bilər. Xroniki məruz qalma qaraciyər xərçəngi riskini artırır və hepatoselyular karsinomanın (HCC- ən çox yayılmış qaraciyər xərçəngi növü) inkişafında rol oynayır. Bundan əlavə, aflatoksin immunitet sistemini boğaraq orqanizmin infeksiyalara qarşı müqavimətini zəiflədir. Həm də böyümənin geriləməsi və qida çatışmazlığı kimi problemlərə səbəb olur. Zəhərli təsirləri ilə yanaşı, kiflər allergik reaksiyalara və astma, bronxit kimi tənəffüs xəstəliklərinə səbəb olur. İmmuniteti zəif olan insanlarda ciddi infeksiya riskləri yaradır.
Dubay şokoladının şüursuzca, xüsusilə gənclər arasında, sosial medianın təsiri altında istehlak etmək erkən piylənmə, insulin müqaviməti və dəri problemləri kimi problemlərə yol aça bilər. Həddindən artıq istehlak 2-ci tip diabet kimi metabolik pozğunluqların riskini artırır. Bundan əlavə, şəkərin dəriyə mənfi təsirləri də diqqətdən kənarda qalmamalıdır. Kollagen istehsalının azalması ilə sızanaq, erkən yaşlanma və elastikliyin itirilməsi kimi problemlər yarana bilər. Xüsusilə qadınlarda bel və omba nahiyəsində piylənmə, selülitin görünüşünü artıra bilər.
100 Qrammda 530 Kalori var!
Tərkibində az lif, yüksək şəkər olan Dubay şokoladı 100 qramında təxminən 530 kalori enerji, 48 qram şəkər və 35 qram yağ ehtiva edir. Ölkəmizdə milyonlarla diabet xəstəsi və piylənmə problemi olan insanlar var. Ona görə də doymuş yağ və şəkəri yüksək, qida dəyəri isə çox aşağı olan bu şokoladın zərərli olduğunu söyləyə bilərik. Şokoladın tərkibində kakao 80%-dən çox, şəkər az və eyni zamanda güclü antioksidantlarla zəngin olmalıdır. Şokoladlarda kakao nə qədər çox olarsa, bir o qədər antioksidant xüsusiyyətlərə malikdir və çəki artımının qarşısını alır.
Şüursuz istehlak sağlamlığınıza zərər verə bilər!
Dubay şokoladının populyarlığı sosial media tərəfindən gücləndirilərək hazırlanma prosesinin videoları və istehlak tövsiyyələri sağlam qidalanma vərdişlərinin qarşısını alır və şüursuz şəkildə istehlak meyli yaradır. Bu vəziyyət dietoloqlara müraciət edən gənclərin sayını artırsa da, cəmiyyətdə uzunmüddətli sağlamlıq problemlərinə səbəb olur. Həll axtarışı həm fərdi, həm də sosial bilinçlə mümkündür. Sağlam qidalanma vərdişləri təşviq edən kampaniyalar təşkil edilməli, sosial medianın tətbiq etdiyi bu cür cərəyanların mənfi təsirlərinə qarşı təlim proqramları həyata keçirilməlidir. Bundan əlavə, fərdlərə daha az şəkərli və qidalandıcı alternativlər təklif etməklə məlumatlı seçimlər etmək imkanı yaradıla bilər. Dubay şokoladı kimi məhsullar nəzarətli və mülayim şəkildə istehlak edildikdə, şübhəsiz ki, həzz verə bilər. Ancaq unutmayaq ki, qısamüddətli zövqlər üçün sağlamlığa zərər vermək olmaz. Belə vərdişlərin nəticələri təkcə insanların sağlamlığına deyil, həm də cəmiyyətin ümumi sağlamlığına daimi təsir göstərə bilər.
Dubay şokoladının məşhurlaşma tarixi
Misir əsilli ingilis Sarah Hamouda 9 ildir Dubayda yaşayırdı və əri ilə öz mətbəxlərində şokolad hazırlamaq onların hobbilərindən biri idi. Bu biznesə olan sevgiləri ilə şokolad mağazası açmağa qərar verdilər və 2021-ci ildə Dubayda ‘Fix Dessert Chocolatier’ adlı butik brendi təsis etdilər. Əvvəlcə əlavə iş kimi düşündükləri bu marka tezliklə gözlənilməz bir inkişaf yaşadı. Fix Dessert Chocolatier brendinin özünəməxsus üslubu və unikal şokolad reseptləri var idi ki, onlardan biri də “Knafeh Chocolate” idi. Gündəlik istehsal edilən 100 şokoladın çoxu satılmasa da, dünya səviyyəsində tanınması 2023-cü ilin dekabrında Dubayda yaşayan gurme Mariya Veheranın TikTok videosu ilə başladı. Bu videoda Vehera məhsulun teksturasını və ləzzətini vurğulayaraq Fix Dessertin şokolad tabletinin dadına baxırdı. Bu günə qədər videoya 80 milyon dəfədən çox baxılıb.