Qatarlardan, relslərdən, terminallardan və daha çox şeydən ibarət olan dəmir yolu böyük bir aləmdir. Bildiyiniz kimi, dəmir yollarında ilk növbədə dəmiryolçuların və sərnişinlərin tələbatını ödəməli olan müəssisələr var idi. Bunlardan biri də dəmir yolu idarəsinin departament tabeliyində olan dəmir yolu çörək sexləri idi. Bu sexdə çəkisi və dadı ilə məşhur olan “Dəmir yolu çörəyi” adlanan çörək bişirərdilər. Çörəyin çəkisi təxminən 3 kq olurdu və ən əsası doyurucu idi. Dəmir yolu çörəyinin bütöv alınması nadir idi, çünki əvvəllər bütün ailə üçün yarım çörək kifayət edirdi.
Evdar.az Azərbaycan mətbəxinin unudulmuş “Dəmir yolu çörəyi”nin reseptini təqdim edir.
Unudulmuş Dəmir Yolu Çörəyinin tərkibi:
- 700 qr ağ un
- 300 qr kəpəkli un
- 700 qr su
- 1 xörək qaşığı maya
- 1 xörək qaşığı duz
Unudulmuş Dəmir Yolu Çörəyinin hazırlanma qaydası:
Xəmiri yoğuracağınız qaba ilk öncə ağ unu və kəpəkli unu tökün. Üzərinə maya və duz əlavə edib qarışdırın. İlıq suyu da az-az əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmirin üzərini mətbəx dəsmalıyla örtüb yarım saatlıq isti yerdə saxlayın. Mayalanan xəmiri yenidən yoğurun, xəmir acıyıb iki qatı olana qədər gözlədin. Hazır xəmiri kündələyin və yağlanmış və ya yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Üzərini mətbəx dəsmalıyla örtüb yarım saatlıq kənarda gözlədin. Çörəyi əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Nuş Olsun!