İsveçrə Mətbəxinin Enerji Bombası “Nusstorte”-Qozlu Tort

isvecre metbexinin enerji bombası nusstorte qozlu tort1
Yields: 1 Serving

Nusstorte (Engadiner nusstorte-qozlu tort) İsveçrə mətbəxinin əsl enerji bombası desertidir. Bir dilimi asanlıqla bir bütün yeməyi əvəz edə bilər. Həmçinin bu bol qozla doldurulmuş tort iki aya qədər soyuducuda saxlanıla bilər. Evdar.az İsveçrə mətbəxinin ləziz desertinin reseptini təqdim edir.

İsveçrə Mətbəxinin Enerji Bombası “Nusstorte”

Qozlu Tortun tərkibi:

Şəkərli xəmir üçün:

  • 250 qr buğda unu
  • 50 qr badam unu
  • 100 qr  şəkər tozu
  • 175 qr soyuq kərə yağı
  • 1 ədəd iri yumurta (70 qr)

Qozlu içlik üçün:

  • 230 qr şəkər tozu
  • 30 qr su
  • 200 qr yağlı qaymaq
  • 40 qr bal
  • 200 qr qovrulmuş qoz ləpəsi
  • 100 qr qovrulmuş pekan qozu

Üzəri üçün:

  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı süd

Qozlu tortun hazırlanma qaydası:

Şəkərli xəmiri hazırlamaq üçün mətbəx kombaynının qabına kub formasında doğranmış soyuq kərə yağı, şəkər tozu, badam unu və buğda ununu töküb umac halına gələnə qədər qarışdırın. Bu prosesi əllə ovuşduraraq da edə bilərsiniz. Unlu qarışığın üzərinə yumurtanı əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri iki hissəyə ayırın (təxminən üçdə biri və üçdə ikisi).Kündələri streç salafana büküb 2 saatlıq soyuducuya yerləşdirin. Unlanmış dəzgahın üzərində kündənin böyük hissəsini 5 mm qalınlığında yayın. Xəmiri yağlanmış qəlibə yerləşdirin. Alt və yan hissələrini möhkəm basaraq qəlibə oturdun. Artıq hissələrini kəsin və çəngəllə deşib qəlibdə xəmiri 1 saatlıq soyuducuya yerləşdirin.  

İçliyi hazırlamaq üçün orta ölçülü qazanda şəkər tozu və suyu qarışdırıb ocağa qoyun. Karamelli kütlə olana qədər qarışdıraraq qaynadın. Yağlı qaymağı karamelə əlavə edin. Bu mərhələdə çox diqqətli olun, çünki qaymaq isti karamelin üzərinə əlavə edildikdə ​​köpüklənəcək və kəskin şəkildə qalxacaq. Karamelin daşmasının qarşısını almaq üçün qazanı bir neçə saniyə oddan götürün, daha sonra yaxşıca qarışdıraraq yenidən ocağa qoyun. Üzərinə bal və doğranmış qoz ləpələrini əlavə edib qarışdırın. Karamel bütün qoz ləpəsini örtənə qədər bir dəqiqə daha qarışdırın və mükəmməl qozlu içliyi əldə edin. Ocaqdan götürüb bir az soyuması üçün kənara qoyun.

Soyuducuda gözlətdiyiniz qəlibdə olan xəmirin üzərinə hazırladığınız qozlu içliyi töküb yayın. Xəmirin qalan kiçik hissəsini də unlanmış dəzgahın üzərində 5 mm qalınlığında yayın. Çəngəllə deşiklər açıb içliyin üzərinə örtün. Xəmiri qəlibə yapışması üçün oxlovla yumşaq bir şəkildə üzərindən yayın və kənarlarından artıq xəmiri kəsin. 

Üzəri üçün bir qabda yumurta və südü tel çırpıcıyla çırpın. Xəmirin üzərinə südlü yumurtanı yaxıb çəngəllə naxışlar edin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-33 dəqiqə (sobanızdan asılı olaraq) üzəri qızarana qədər bişirin. Sobadan çıxarıb otaq temperaturuna qədər soyudun.
Ən dadlı tort reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir