Category: Desertlər, Qış Tədarükü
Yields:
1 Serving
Limona bənzəsə də, özünəməxsus ətri və daha turş dadı ilə seçilən berqamot kulinariyada, tibbdə və kosmetologiyada geniş istifadə olunur. Bu meyvənin qabığından hazırlanan ləziz mürəbbəni bir fincan çay və ya isti çörəklə dadaraq əsl zövq ala bilərsiniz. Evdar.az dadı damaqda iz buraxan berqamot mürəbbəsinin reseptini təqdim edir.
Dadı Damaqda İz Buraxan Mürəbbə
Berqamot Mürəbbəsinin tərkibi:
- 4 ədəd berqamot qabığı
Şərbəti üçün:
- 2 stəkan şəkər tozu
- 2 stəkan su
- 2 çay qaşığı limon suyu
Berqamot Mürəbbəsinin hazırlanma qaydası:
Berqamotların acılığını azaltmaq üçün üst qabığını bıçaqla və ya tərəvəz soyanla yüngülcə soyun. Və ya sürtgəcdən keçirin. Üstü təmizlənmiş berqamotların lətini çıxarıb qabığını soyun. Qabıqları nazik, uzun zolaq şəklində və ya kiçik kub formasında doğrayın. Zövqə görə daha gözəl görünüş üçün zolaqları bükə bilərsiniz. Berqamot qabıqlarını qazana tökün, üzərinə üstünü örtəcək qədər su töküb ocağa qoyun. 5 dəqiqə qaynadıb suyunu süzün. Bu prosesi 3 dəfə təkrarlayın. Hər dəfə acılığı azaltmaq üçün təmiz su istifadə edin. Qaynadılmış və soyudulmuş qabıqları əllərinizlə çox əzmədən yavaşca sıxın və süzgəcdə süzün.
Şərbəti hazırlamaq üçün 2 stəkan şəkər tozunu və 3 stəkan suyu geniş bir qazanda qaynadın. Şərbət konsistensiyasına çatdıqda berqamotları əlavə edin. Mürəbbə konsistensiyasına çatana qədər təxminən 35-40 dəqiqə vam odda bişirin. Suyu süzülmüş bergamot qabıqlarını şərbətə əlavə edin. Mürəbbə hazır olmağa 5 dəqiqə qalmış limon suyunu da tökün. Hazır mürbbəni ocaqdan götürün. İsti halda quru və təmiz şüşə bankalara doldurub qapağını möhkəm bağlayın və soyumağa qoyun. Soyuduqdan sonra sərin və qaranlıq yerdə saxlaya bilərsiniz.
Əlavə qeyd:
- Berqamot qabıqlarının acılığını aradan qaldırmaq üçün onları 3 dəfə qaynadıb süzmək çox vacibdir. Bu proses edilmədikdə, mürəbbə güclü acı dad buraxa bilər.
- Berqamotun üst qabığı təmizlənməlidir. Əks halda, mürəbbə həm acı, həm də bulanıq olacaq.
- Mürəbbənin son mərhələsində əlavə edilən limon suyu ona parlaqlıq verir və konsistensiyasını sabitləşdirir.
- Konsistensiyanı yoxlamaq üçün bir qaşıq mürəbbə suyundan götürün və soyuq boşqaba tökün. Damcılar yayılmadan qalarsa, mürəbbə hazırdır.
- Berqamotun qabığını tortların və peçenyelərin reseptində istifadə etmək olar. Hətta dəmlənmiş berqamot ətirli çay üçün də istifadə edilə bilər.
Berqamot nədir?
Berqamot sitrus ailəsinə aid bir meyvə növüdür. Qabığında efir yağları var və bir çox ətir və kosmetikada istifadə olunur. Həmçinin çayların və bəzi desertlərin dadını artırmaq üçün də berqamotdan istifadə olunur.
Berqamotun faydaları:
Berqamot vitaminlər, minerallar və bioloji aktiv maddələrlə zəngindir. Tərkibində:
- C vitamini: immunitet sistemini gücləndirən, kollagen sintezini təşviq edən və hüceyrələri zədələnmədən qoruyan güclü bir antioksidant.
- B vitaminləri: sinir sisteminin fəaliyyətini dəstəkləyir, maddələr mübadiləsini yaxşılaşdırır və enerji istehsalına kömək edir.
- Lif: həzmi yaxşılaşdırır, normal bağırsaq fəaliyyətini və qan şəkəri səviyyəsini nəzarətdə saxlamağa kömək edir.
- Flavonoidlər: antioksidan və iltihab əleyhinə xüsusiyyətlərə malikdir, qan damarlarını gücləndirir və ürək-damar xəstəlikləri riskini azaldır.
- Efir yağları: berqamota xarakterik ətri verir və sinir sisteminə sakitləşdirici təsir göstərir.
Nuş Olsun!
