Darı yarması sıyığı (pşenaya kaşa) orqanizm üçün faydalı bir səhər yeməyidir. Xüsusilə uşaqlar üçün doyumlu və faydalı bir sıyıqdır. Darı yarması düyü və arpadan daha çox protein, ətdən daha çox fosfor, buğda və qarğıdalıdan daha çox folat və digər dənli bitkilərdən daha çox B vitamini ehtiva edir. Həmçinin kalium, sink, natrium, yod, maqnezium və bromla zəngindir. Süd və ya su ilə hazırlanan bu sıyıq faydası və ləzzəti ilə səhər süfrələrinin əvəzolunmazıdır. Evdar.az təbii vitaminlərlə dolu darı sıyığının reseptini təqdim edir.
Təbii Vitaminlərlə Dolu Darı Yarması Sıyığının tərkibi:
- 100 qr darı yarması
- 2 stəkan su
- 1 stəkan süd
- 1 çay qaşığı bal
- 1 çay qaşığı kərə yağı
- zövqə görə meyvə, meyvə qurusu və ya çərəz
Təbii Vitaminlərlə Dolu Darı Yarması Sıyığının hazırlanma qaydası:
İlk öncə darı yarmasını suyu şəffaflaşana qədər axar suyun altında yuyun. Dərin bir qazana yuyulmuş darı yarmasını və 2 stəkan suyu töküb qaynamağa qoyun. Qaynayıb suyu çəkilən darının üzərinə 1 stəkan süd əlavə edib 10 dəqiqə qatılaşana qədər bişirin, dibi yapışmaması üçün arabir qarışdırın. Bişən sıyığı ocaqdan götürüb qapağı bağlı şəkildə 5 dəqiqə kənarda gözlədin. Hazır sıyığı boşqaba töküb üzərinə kərə yağı və bal əlavə edin. Darı sıyığının üzərinə zövqə görə meyvə qurusu, xırda doğranmış çərəz və ya meyvə dilimləri əlavə edib süfrəyə verin.
Nuş Olsun!
Əlavə qeyd:
- Darı sıyığı çoxyönlü bir yeməkdir: səhər yeməyi, nahar və ya şam yeməyi üçün şirin və ya duzlu şəkildə yeyilə bilər. Təkbaşına və ya ət və ya quş əti ilə qarnir kimi istifadə edilə bilər. Sıyığa balqabaq, qoz-fındıq, quru meyvə və ya kərə yağı əlavə edib süddə və ya suda bişirə bilərsiniz.
- Darı yarması maddələr mübadiləsini sürətləndirir, qarın sancıları, köp və nizamsız bağırsaq hərəkətlərini aradan qaldırmağa kömək edir. Darı sıyığını yemək mədə-bağırsaq traktına faydalı təsir göstərir və mədə xorası, yoğun bağırsaq xərçənginin qarşısını almağa kömək edir.
- Bir stəkan (100 qr) bişmiş darı 119 kkal ehtiva edir.
- Darı sıyığı qlütensizdir. Çölyak xəstəliyi olan və ya qlütensiz pəhriz saxlayan insanlar üçün uyğundur.
@evdar_az Təbii vitaminlərlə dolu darı yarması sıyığı#food #yemektarifleri #yemək #foodie #resept
