Kotlet, ən ləzzətli və tez-tez hazırlanan yeməklərdən biridir. Onlar düyü, qarabaşaq, kartof və başqa qarnirlərlə süfrəyə birlikdə verilir. Lakin bir çox insan hazırladığı kotletlərin bərk və quru olmasıyla bağlı problemlərlə qarşılaşır. Restoranlarda təqdim edilən mükəmməl qızardılmış, yumşaq və şirəli kotletlərin dadını ev şəraitində yaradın. Evdar.az kotleti quru çıxanlar üçün içi şirəli, üstü xırçıltılı ən ləziz kotletin reseptini təqdim edir.
Kotleti Quru Çıxanlar Üçün
İçi Şirəli , Üstü Xırçıltılı Ən Ləziz Kotletin tərkibi:
- 1 kq mal əti (az yağlı)
- 2 ədəd soğan
- 3-4 dilim çörək (150-200 qr)
- 3-4 diş sarımsaq
- 1 stəkan süd
- 2-3 xörək qaşığı mayonez
- zövqə görə ədviyyat
Ən Ləziz Kotletin hazırlanma qaydası:
İlk öncə bir qabda iri tikələrə bölünmüş az yağlı mal ətinin üzərinə iri doğranmış soğan, süddə isladılmış çörək dilimləri, qabığı soyulmuş sarımsaq, duz, istiot, paprika və mayonez əlavə edib qarışdırın. Hazırladığınız qarışığı ətçəkən maşından 2 dəfə keçirin. Bu kotletin sirridir- 2 dəfə çəkilmiş ətin kotletləri pambıq kimi yumşaq olur. İki dəfə çəkilmiş əti əllə 5-7 dəqiqə yaxşıca yoğurun və bir az döyəcləyin. Əli isladaraq ətdən kotletlər hazırlayın. Kotletləri ilk öncə qızdırılmış yağda iki tərəfi qızılı rəng olana qədər qızardın. Tam bişirməyə ehtiyac yoxdur, içini soba bişirəcək. Qızardılmış kotletləri yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada kotletləri 15-20 dəqiqə bişirin. Üstü xırçıldayan, içi yumşaq, şirəli kotletləri “Düşes Kartof”la birlikdə süfrəyə verin.
Nuş Olsun!
