Şirniyyat sevən insanların və uşaqların səhər yeməyində axtardığı bir ləzzət şokoladlı fındıq kremi. Təəssüf ki, mağazalarda satılanların tərkibində kimyəvi, bilmədiyimiz maddələr var. Analar bəzən uşağına bunları alarkən tərəddüd edir. Evdar.az uşaqlı analara bu ləzzətin ev şəraitində hazırlanmasını təqdim edir.
Tərkibi:
- 1 stəkan fındıq
- 80 qr südlü şokolad
- 80 qr bitter şokolad
- 200 ml süd
- 3 xörək qaşığı süd tozu
- 1 çay qaşığı bal
- bir çimdik duz
Hazırlanma qaydası:
Şokoladları su hamamında əritmək üçün bir şüşə qaba qoyub əridin. Fındıqları sobada qovurun və qabığından təmizləyib mətbəx rondosunda çəkin. Südü bir qaba töküb üzərinə süd tozu və duz töküb ocağın üzərinə qoyun. Qarışdıraraq balı da əlavə edin və qaynayana qədər qarışdırmağa davam edin. Mətbəx rondosunda çəkdiyiniz fındıqların üzərinə ərinmiş şokoladları töküb qarışdırın. Ən sonda süd qarışığını da əlavə edib qarışdırın. Və şokoladlı fındıqlı kreminiz hazırdır. Şokoladlı krem istiykən bankaya tökün, soyuduqda isə soyuducuya qoya bilərsiniz. Daha sonra çörəyin üzərinə yaxıb yeyə bilərsiniz və ya meyvələrin üstünə tökərək arzu etdiyiniz şəkildə istifadə edə bilərsiniz..
Nuş Olsun!