Mağazalarda satışda olan ləzzətli vaflili “Priçuda” tortunu biskvitlə hazırlaya bilərsiniz. Evdar.az yumşaq və asan hazırlanan biskvitli Priçuda tortunun reseptini təqdim edir.
Tərkibi:
Korjlar üçün:
- 6 ədəd yumurta
- 250 qr şəkər tozu (1 stəkan + 2 xörək qaşığı)
- 2,5 stəkan un (320 qr)
- 2 çay qaşığı qabartma tozu
- 4-5 xörək qaşığı kakao (80 qr)
- 3 xörək qaşığı bal
- 180 qr kərə yağı
- 0,5 stəkan qoz ləpəsi
Krem üçün:
- 500 ml 33%-lik qaymaq
- 1 banka bişmiş qatılaşdırılmış süd
Ara qatlarını islatmaq və səpmək üçün:
- 0,5 stəkan süd
- 2 çay qaşığı qəhvə
- 1 çay qaşığı şəkər tozu
- 50 qr qoz ləpəsi
Hazırlanma qaydası:
Korjları hazırlamaq üçün bir qabda un, kakao və qabartma tozunu qarışdırın. Başqa bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə bal əlavə edib 1 dəqiqə çırpın. Un qarışığını da üzərinə ələyib ehtiyyatla qarışdırın. Üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırın. Sonda üzərinə blenderdə xırdaladığınız qoz ləpəsini töküb qarışdırın. Qatı və yapışqan xəmiri 3 hissəyə bölün. Soba sinisinə yağlı kağız sərin və 32 sm-lik kvadrat çəkin. Xəmiri çəkdiyiniz kvadratın içərisinə yayıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 6-7 dəqiqə bişirin. Digər korjları da eyni qaydayla bişirib soyudun. Daha sonra korjları üst-üstə qoyub kənarlarını kəsib düzləşdirin.
Kremi hazırlamaq üçün soyuq qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə bişmiş qatılaşdırılmış südü əlavə edib çırpmağa davam edin.
Ara qatlarını islatmaq üçün bir qabda ilıq süd, qəhvə və şəkər tozunu qarışdırın.
Korjun ilk qatını isladıb üzərinə krem yaxın. İkinci korju da yerləşdirib eyni qaydayla isladıb kremləyin. Üzərinə bir az iri doğranmış qoz ləpəsi səpin. Üçüncü korju da yerləşdirib üzərini və kənarlarını kremləyin. Biskvitin kənarından qalan qalıqları xırdalayıb tortun kənarlarını və üzərini bəzəyin. Zövqə görə tortun üzərini əridilmiş şokoladla sadə halda bəzəyə bilərsiniz.
Nuş Olsun!