Bir çox növü olan milli mətbəximizin ən dadlı xəmir xörəklərindən olan xəngəli kartoflu içliklə hazırlayaraq süfrəyə verə bilərsiniz. Evdar.az sümbülvari bükülən kartof xəngəlinin reseptini təqdim edir.
Sümbülvari Kartof Xəngəlin tərkibi:
Xəmiri üçün:
- 3,5 stəkan un
- 1 stəkan su
- 1 çay qaşığı duz
İçlik üçün:
- 0,5 kq kartof
- 1 ədəd soğan
- 2 xörək qaşığı kərə yağı
- 3-4 budaq cəfəri, şüyüd
- duz, istiot,
- qırmızı bibər tozu, sarıkök
Xamalı sous üçün:
- 5-6 xörək qaşığı xama və ya qatıq
- duz
- şüyüd
- 1 diş sarımsaq
Tomatlı sous üçün:
- 3-4 xörək qaşığı tomat pastası
- duz, istiot,
- qırmızı istiot
- 1 diş sarımsaq
- 1-2 budaq şüyüd
- 1 xörək qaşığı duru yağı
- yarım stəkan ilıq su
Sümbülvari Kartof Xəngəlin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün 1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə edib qarışdırın. Xəmir yoğuracağınızı qaba un və duzlu suyu töküb qarışdırın. Bərk xəmir olanadək yoğurun. Xəmiri 2 hissəyə bölüb kündələyin və streç salafana keçirib yarım saatlıq soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün yarım kq qabığı soyulmuş kartofu kiçik kub şəklində doğrayın. Üzərinə isti su töküb bişməyə qoyun. Bişən kartofun suyuna zövqə görə duz əlavə edə bilərsiniz. Soğanı da xırda kub şəklində doğrayın. Bişmiş kartofların suyunu süzüb püre halına gələnədək əzin. Soğanı tavada yağda qovurun. Bir qabda kartof püresi, qovrulmuş soğan, duz, istiot, sarıkök, qırmızı bibər tozu, xırda doğranmış cəfəri və şüyüd də əlavə edib yaxşıca qarışdırın.
Dəzgahın üzərinə azca un səpib kündəni oxlovla yayın. Daha sonra yaydığınız xəmirdən dairələr kəsin. Kəsdiyiniz dairələrə içlikdən bol-bol qoyub sünbül şəklində bükün. Bükdüyünüz gürzələri qaynayan duzlu suya töküb bişirin. Gürzələr suyun üzərinə qalxdıqda deməli hazırdır. Kəfgirlə gürzələri sudan çıxarıb boşqaba qoyun. Eyni qaydayla digər kündəni də yayıb içliklə doldurun və büküb bişirin.
Xamalı sousu hazırlamaq üçün 2-3 budaq şüyüd və cəfərini xırda doğrayıb xama və ya qatığa əlavə edin. Sarımsağı da rəndədən keçirib xamaya əlavə edin və duz töküb qarışdırın.
Tomatlı sousu üçün bir qabda tomat pastası, duz, istiot, qırmızı bibər tozu, rəndələnmiş sarımsaq, xırda doğranmış şüyüd və 1 xörək qaşığı duru yağ əlavə edib qarışdırın. Üzərinə yarım stəkan ilıq su töküb duru sous hazırlayın.
Bişən gürzələri süfrəyə verdikdə üzərinə əridilmiş kərə yağı gəzdirib sosulara batıraraq yeyə bilərsiniz.
Nuş Olsun!