Kəsmik- dəyərli bir protein mənbəyidir. Bəzi valideynlər kəsmik yeməyi xoşlamayan uşaqlar üçün alternativ yollardan istifadə edirlər. Mağazalarda satılan “kəsmikli sırok”lar artıq uşaqların sevimli desertidir. Ancaq paketlənmiş və tərkibinə əmin olmadığınız bu dadlı deserti özünüz ev şəraitində hazırlayaraq könül rahatlığıyla uşaqlarınıza yedirə bilərsiniz. Evdar.az möhtəşəm desertin reseptini təqdim edir.
Tərkibi:
- 400 qr yumşaq kəsmik
- 70 qr qatılaşdırılmış süd və ya 40 qr şəkər kirşanı
- 50 qr kərə yağı
İçlik üçün:
- 100 qr albalı cemi
Qlazur üçün:
- 140 qr südlü şokolad
Hazırlanma qaydası:
İlk öncə kəsmiyi ədirilmiş kərə yağıyla və qatışadırılmış südlə (və ya şəkər kirşanıyla) blenderlə yaxşıca qarışdırın.
Şokoladı su hamamında və ya mirkodalğalı sobada əridin. Silikon qabların içərisinə və kənar hissələrinə qaşıqla və ya fırçayla əridilmiş şokolad yaxın. Şokolad yaxılmış silikon qabları 5 dəqiqəlik soyuducunun dondurucu rəfinə yerləşdirin. Daha sonra bərkiyən şokoladlı qəlibə qaşıqla və ya konditer torbasıyla kəsmiyi doldurun. Orta hissəsində boşluq açaraq albalı cemi qoyub yenidən kəsmiyi örtün. Əridilmiş şokoladla da kəsmiyin üzərini örtüb soyuducuya yerləşdirin. Bu qaydayla kəsmik bitənədək hazırlayıb 1 saatlıq soyuducunun dondurucu rəfinə yerləşdirin. Kəsmikli “sırok”lar hazırdır.
Nuş Olsun!