Bir zamanlar qonaqlıq süfrələrimizin bəzəyi olan Abşeron tortunu yenidən hazırlamaq istərdinizmi? Evdar.az uzun illərin məşhur Abşeron tortu reseptini təqdim edir.
Tərkibi:
Biskviti üçün:
- 3 stəkan un
- 4 ədəd yumurta
- 2 stəkan şəkər tozu
- 4 xörək qaşığı sirkə
- 0,5 çay qaşığı soda
- 4 xörək qaşığı mət (mürəbbə suyu)
- 1 paket vanil
Kremi üçün:
- 1 banka qatılaşdırılmış süd
- 200 qr kərə yağı
- 300 qr qoz ləpəsi (ovuntusu)
Hazırlanma qaydası:
Biskviti hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Stəkana 4 xörək qaşığı sirkə töküb üzərinə 0,5 çay qaşığı soda əlavə edib qaşıqla qarışdırın. Köpürən qarışığı çırpılmış yumurta və şəkər tozu qarışığına tökün. Mürəbbə suyunu və vanili də əlavə edib çırpmağa davam edin. Unu da əlavə edib qarışdırın. Xəmiri 3 hissəyə bölüb bişirin. Yağlanmış soba sinisinə xəmirin 1-ci hissəsini töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng alanadək bişirin. Qalan xəmiri də bu qaydayla bişirin.
Kremi hazırlamaq üçün bir qabda qatılaşdırılmış südlə kərə yağını mikserlə çırpın. Biskvitlərin arasını kremləyib qoz ləpəsi ovuntusu səpin. Qalan kremlə tortun üzərini və kənarlarını kremləyib qoz ovuntusuyla bəzəyin. Bir neçə saat otaq temperaturunda gözlətdikdən sonra Abşeron tortunu süfrəyə verə bilərsiniz.
Nuş Olsun!