Badam və şokolad dadı ilə dolu Almaniya,Macarıstan və Avstriyanin məşhur deserti- Esterxazi tortu. İnanılmaz ləzzətli bu tort ilk zamanlar badamla hazırlansa da son zamanlar qoz ilə sevilir. Evdar.az ləzzətli Esterxazi tortunun reseptini təqdim edir.
Esterxazi Tortunun tərkibi:
Korju üçün:
- 7 ədəd yumurtanın ağı
- 200 qr qoz (badam, fındıq, araxis)
- 200 qr şəkər tozu
- 1 çimdik duz
Kremi üçün:
- 2 ədəd yumurtanın sarısı
- 100 qr şəkər tozu
- 2 xörək qaşığı qarğıdalı nişastası
- 250 ml süd
- çay qaşığı ucunda vanil
- 150 ml qaynadılmış qatılaşdırılmış süd
- 200 qr kərə yağı
Üzəri üçün:
- 40 qr ərik cemi (şaftalı cemi də olur)
- 150-200 qr ağ şokolad
- 20-30 qr tünd şokolad
- 50 qr badam
Esterxazi Tortunun hazırlanma qaydası:
Korju hazırlamaq üçün ilk öncə qoz ləpəsini (və ya badam ləpəsini) sobada yüngül qovurun və toz halına gətirin. Bir qabda 7 ədəd yumurta ağının üzərinə çimdik duz əlavə edib mikserlə çırpın. Üzərinə şəkər tozunu az-az əlavə edib çırpmağa davam edin. Xırdalanmış qoz ləpəsini hissə-hissə çırpılmış yumurta ağına əlavə edib taxta qaşıqla və ya spatulayla ehtiyyatla qarışdırın. Yağlı kağızın üzərinə 20 sm-lik dairə qoyub qələmlə çəkin. Hazırladığınız kütləni qaşıqla və ya konditer torbasıyla dairənin içərisinə yayın. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 15-17 dəqiqə bişirin. Bu qaydayla bütün korjları bişirib soyudun. Yağlı kağızı çıxararkən ehtiyyatlı olun,korj beze olduğu üçün qırıla bilər.
Kremi hazırlamaq üçün südü ocaqda isidin. Başqa bir qabda yumurta sarısının üzərinə vanil və şəkər tozu töküb mikserlə 1 dəqiqə çırpın. Qarğıdalı nişastasını da əlavə edib çox az çırpın. İsitdiyiniz süddən azca əlavə edib qarışdırın. Daha sonra yumurtalı kütləni südün üzərinə əlavə edib zəif ocaqda qatılaşanadək qarışdıraraq bişirin. Bişdikdən sonra başqa bir qaba boşaldıb üzərinə streç salafan keçirib soyuması üçün kənara qoyun. Bir qabda kərə yağını mikserlə yaxşıca çırpın. Üzərinə bişmiş qatılaşdırılmış südü də əlavə edib çırpın. Daha sonra soyuyan bişmiş kemi də az-az əlavə edib çırpımağa davam edin.
Korjları bir-bir kremləyib üst-üstə düzün. Ən son korjun üzərinə cem yaxın və 30-40 dəqiqəlik soyuducuya yerləşdirin.
Üzəri üçün ağ şokoladı mikrodalğalı sobada və ya su hamamında əridin. Soyuducudan götürdüyünüz tortun üzərinə əridilmiş, soyudulmuş ağ şokoladı yayın. Kənarlarını badam ləpəsiylə bəzəyin. Əridilmiş tünd şokoladla dairə çəkib çöplə hörümçək toru bəzəyi verə bilərsiniz. Tortu 4-5 saatlıq və ya 1 gecəlik soyuducuya yerləşdirin.
Nuş Olsun!