İki Rəngli “Ürək” Peçenyesi

Yields: 1 Serving

Əzizlərinizi iki rəngli ürək formasında peçenyeylə sevindirə bilərsiniz. Evdar.az tez hazırlanan dadlı peçenyenin reseptini təqdim edir.

Tərkibi:

Vanilli xəmir üçün:

  • 130 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 2 çay qaşığı vanil
  • 1/4 çay qaşığı duz
  • 225 qr un

Şokoladlı xəmir üçün:

  • 130 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 1/4 çay qaşığı duz
  • 225 qr un
  • 15 qr kakao

Hazırlanma qaydası:

Vanilli xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə şəkər tozu, vanil, duz və un töküb xəmir yoğurun. Əgər xəmir yaxşı yığılmırsa 1-2 xörək qaşığı buzlu su əlavə edin, əksinə, xəmir çox yumşaqdırsa, bir qaşıq un əlavə edin. Şokoladlı xəmiri də eyni şəkildə, ancaq kakao əlavə edərək yoğurun .
Alınan iki xəmir növünü eyni qalınlıqda düzbucaqlı şəkildə yayın. Bunun ən asan yolu bir soyuducu paketidir. Tərkibdəki miqdar üçün ideal ölçü 24 x24 sm-dir. Hər xəmir növünü ayrı bir torbaya qoyub, havanı sıxaraq bağlayıcıyla bağlayın və xəmiri torbanın içərisində yayın. Xəmirləri 30 dəqiqəlik soyuducuda və ya dondurucu rəfində 15 dəqiqə saxlayın. Daha sonra paketlərin kənarlarından kəsərək xəmirləri götürün. Hər xəmir layını eni eyni olan 4 zolaq şəklində kəsin. Bir-birinin üstünə növbə ilə hər rəngdən qoyun. Yumşaq bir şəkildə basıb streç salafana və ya kəsidyiniz soyuducu paketinin birinə büküb dondurucu rəfə 30-40 dəqiqəlik yerləşdirin.
Dondurulmuş xəmiri çıxarıb açın və 6-7 mm qalınlığında dilimlər kəsin. Dilimlərdən ürəklər kəsin. Kənarlarından qalan xəmirləri qarışdırmadan oxlovla yayıb istədiyiniz qəliblərlə kəsə bilərsiniz. Ürək formasında kəsilmiş xəmirləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 10 dəqiqə bişirin. Bu tərkiblə 50 ədəd peçenye çıxır.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir