Azərbaycanın milli şirniyyat növü olan şəkərbura firavanlıq rəmzidir. Üzərinə sıx-sıx düzülmüş naxışlar buğda sünbüllərini xatırladır. Evdar.az naxışları itməyən, ağızda ovulan kövrək şəkərbura reseptini təqdim edir.
Naxışları İtməyən Kövrək Şəkərburanın tərkibi:
Xəmiri üçün:
- 1/2 stəkan ilıq süd
- 1 ədəd yumurta
- 1 çay qaşığı şəkər tozu
- 1/2 çay qaşığı maya
- 1 çimdik duz
- 1 paket vanil
- 150 qram kərə yağı
- 3 dolu xörək qaşığı xama
- 3,5 stəkan un
İçlik üçün:
- 300 qram fındıq ləpəsi
- 1 stəkan şəkər tozu
- 1 dolu çay qaşığı hil
Naxışları İtməyən Kövrək Şəkərburanın hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün fındıq ləpəsinin üzərinə 1 xörək qaşığı soda əlavə edib qarışdırın. Üzərinə keçəcək qədər qaynar su əlavə edin. 5 dəqiqə kənarda saxlayıb suyunu süzün və soba sinisinə yayın. Əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada ara-sıra qarışdıraraq qabıqları çatlayana qədər,təxminən 15 dəqiqə qovurun. Fındıqları mətbəx dəsmalının arasına töküb bükün və əlinizlə ovxalayın. Fındıqların qabıqlarını rahatlıqla təmizləyib blenderdən keçirin. Bir qabda çəkilmiş fındıq ləpəsi,şəkər tozu və hili qarışdırıb kənara qoyun. İçlik üçün təzmilənmiş fındıq ləpəsi istifadə edə bilərsiniz. İçlik hazırdır.
Xəmiri hazırlamaq üçün bir qaba yarım stəkan ilıq süd,1 çay qaşığı şəkər tozu və yarım çay qaşığı maya əlavə edib qarışdırın. 5 dəqiqə kənarda saxlayın. Kərə yağını əridin. 5 dəqiqə sonra mayalı südə yumurta, 1 paket vanil, əridilmiş ilıq halda olan kərə yağını,xama və çimdik duz əlavə edib qarışdırın. Üzərinə 3 stəkan yarım unu da əlavə edib qarışdırın. Ələ yapışmayan hamar xəmir olana qədər yoğurun. Xəmiri heç gözlətmədən 24 bərabər hissəyə bölüb kündələyin. Kündələrin hər biri 35 qr olmalıdır. Kündələrin üzərinə streç salafan örtüb 10 dəqiqə kənara qoyun. Dincələn kündəni təxminən 3 mm qalınlığında oxlovla yayın. Xəmirə içlikdən 2 və ya 3 dolu çay qaşığı doldurub kənarlarını birləşdirin. Daha sonra kənarlarını buraraq bükün və üzərini maqqala bəzəyin. Naxış çəkilmiş şəkərburaları soba sinisinə düzüb 30 dəqiqə üzərini örtmədən kənarda saxlayın. Bu qaydayla bükün kündələri hazırlayın. Əvvəlcədən 145 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.
Nuş Olsun!