Ev Şəraitində Pepperoni Pizzası

Yields: 1 Serving

Pizzanı sevməyən insan yoxdur. Üzəri müxtəlif şirəli dolğuları olan bu yumşaq xəmirlər bütün dünyanı fəth edib. Pizzanın digər növləri arasında lider mövqe tutan ecazkar duzlu-ədvalı bir dadı olan Pepperoni pizzasıdır. Evdar.az Pepperoni pizzasının reseptini təqdim edir.

Ev Şəraitində Pepperoni Pizzasının xəmiri üçün:

  • 250 qr un
  • 120 ml su
  • 10 qr quru maya
  • 1 xörək qaşığı bitki yağı
  • 1 çimdik duz
  • 1 çimdik şəkər tozu

Sousu üçün:

  • 1 ədəd pomidor
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 xöərk qaşığı ketçup
  • 1 çay qaşığı ketçup
  • 2 diş sarımsaq
  • 5 qr provans ot qarışığı (kəklikotu, bibəriyə(rozmarin), reyhan)
  • 0,25 qr çay qaşığı pul bibər
  • 1 çimdik çili bibər tozu
  • zövqə görə duz

Üzəri üçün:

  • 120 qr Mozarella pendiri
  • 100 qr hisəverilmiş kolbasa

Ev Şəraitində Pepperoni Pizzasının hazırlanma qaydası:

Pizzanın xəmirini hazırlamaq üçün 37-40 dərəcə olan isti suda şəkər tozunu həll edin. Daha sonra mayanı əlavə edib qabın qapağı bağlı şəkildə 15 dəqiqə kənarda saxlayın. Bir qaba unu ələyib üzərinə duz əlavə edib qarışdırın. Unun orta hissəsində əlinizlə boşluq hazırlayın. Bu boşluğa aktivləşdirilmiş maya və zeytun yağını töküb ələ yapışmayan xəmir yoğurun. Təxminən 7-10 dəqiqə yoğurun, qabın üzərinə mətbəx dəsmalı örtüb 45 dəqiqə isti yerə qoyun.
Pizzanın sousunu hazırlamaq üçün pomidorları yuyun, çarpaz kəsiklər edin. Üzərinə qaynar su tökün və 1 dəqiqə saxlayın. Daha sonra pomidorların qabığı soyub doğrayın. Blenderin qabına pomidor, ketçup, sarımsaq, ot qarışığı və ədviyyatları töküb yaxşıca əzin. Tavada orta ocaqda bitki yağını qızdırın. Hazırladığınız pomidor qarışığını tavaya töküb üzərinə tomat əlavə edin. Maye buxarlanıb qatılaşana qədər təxminən 5 dəqiqə qarışdıraraq qaynadın. Hazır sousu ocaqdan götürüb soyudun.

Üzəri üçün kolbasanı nazik dilimləyin. Pendiri sürtgəcdən keçirin.

Xəmiri kündələyin və təxminən 30 sm diametrli nazik yuxa yayın. Soba sinisinə yağlı kağız sərib yaydığınız pizza xəmirini kağızın üzərinə yerləşdirin. Ədviyyatlı pomidor sousunu pizza xəmirinin üzərinə yaxın. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin. Kolbasa dilimlərini də bərabər şəkildə düzün. Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Dəqiq vaxt sobanızdan asılıdır.

Qeyd:

  • Maya yaxşı köpürməlidir, əgər köpməyibsə yenidən hazırlayın, yoxsa xəmir mayalanmayacaq.
  • Provans ot qarışığının hazırı yoxdursa, qurudulmuş kəklikotu, rozmarin və reyhandan yığa bilərsiniz.
  • Orta ölçülü, yetişmiş, şirəli və ətirli pomidor seçin.
  • Ketçupu ya kabablı, ya da yüngül acılı olanı seçin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir