Yulaf yarması sıyığı çox faydalı və ləzzətli bir səhər yeməyidir. Onu təzə çiyələk və fındıqla zənginləşdirərək, şəkər tozu əvəzinə baldan istifadə edərək ləzzətinə ləzzət qata bilərsiniz. Evdar.az çiyələk və fındıqlı bişməyən yulaf yarması sıyığının reseptini təqdim edir.
Tərkibi:
- 230 qr yulaf yarması
- 130 ml portağal şirəsi
- 230 ml təbii yoqurt
- 3 xörək qaşığı bal
- yarım limonun rəndələnmiş qabığı
- yarım laym
- 2 ədəd şirin alma
- 250 qr çiyələk
- 50 qr fındıq
- üzəri üçün çırpılmış qaymaq
Hazırlanma qaydası:
Bir qabda yulaf yarmasının üzərinə portağal şirəsi və 250-300 ml içməli suyu töküb qarışdırın. Qabın üzərinə streç salafan keçirib 8-12 saatlıq kənara qoyun. Başqa bir qabda yoqurt, bal və limonun sürtgəcədən keçirilmiş qabığı töküb qarışdırıb. Ballı qarışığı suyu özünə çəkib şişmiş yulaf yarmasının üzərinə əlavə edib qarışdırın. Almanı da sürtgəcin iri gözündən keçirib üzərinə laym şirəsi səpin. Hazırladığınız yulaf yarması qarışığı ilə almaları qarışdırın. Hazır sıyığı kasalara bölüşdürün. Üzərinə iri doğranmış fındıq ləpələrini və doğranmış çiyələk əlavə edin. Çırpılmış qaymaq da əlavə edib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!