Dadı Və Görünüşüylə Qəlbinizi Fəth Edəcək Şokoladlı “Oreo” Tortu

Yields: 1 Serving

Şokoladlı “Oreo”-dünyada məşhur olan əfsanəvi bir amerikan peçenyesidir. Bu dadlı peçenyenin tortu da dadı və görünüşüylə qəlbləri fəth edir. Evdar.az Oreo tortunun reseptini təqdim edir.

Tərkibi:

Biskvit üçün:

  • 170 qr un
  • 50 qr kakao
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı soda
  • 3/4 çay qaşığı duz
  • 2 ədəd yumurta
  • 300 qr şəkər tozu
  • 150 ml süd
  • 70 qr maye yağ
  • 170 ml qaynar su
  • 70 qr Oreo peçenyesi

Krem üçün:

  • 200 qr kəsmikli pendir (otaq temperaturunda )
  • 160 qr çırpılmış qaymaq
  • 2 xörək qaşığı şəkər kirşanı
  • əridilmiş şokolad

Hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə duru yağ və süd əlavə edib qarışdırın. Başqa bir qabda un, kakao, qabartma tozu, soda və duzu qarışdırın. Quru qarışığı duru qarışığa əlavə edib yaxşıca qarışdırın. İsti su da əlavə edib çırpmağa davam edin. Peçenyeləri ayırıb orta hissəsindəki kremini başqa bir qaba qoyun. Peçenyeləri toz halına gətirib biskvit xəmirinə əlavə edib yaxşıca qarışdırın. Biskvit xəmirini yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişən biskviti soyuması üçün kənara qoyun.
Kremi hazırlamaq üçün peçenyedən ayırdığınız kremin üzərinə kəsmikli pendiri əlavə edib yaxşıca qarışdırın. Üzərinə çırpılmış qaymaq da əlavə edib ehtiyyatla qarışdırın. Konditer torbasına kremi doldurub yarım saatlıq soyuducuya yerləşdirin. Soyuyan biskvitdən dairəvi dəmir peçenye qabıyla (oreo peçenye qabıyla ) 2 ədəd korj kəsin. Əridilmiş şokoladı oreo peçenyesinin qapağına töküb yüngül bərkidikdən sonra korjun birini şokoladın üzərinə yerləşdirib tamamilə soyuması üçün soyuducuya yerləşdirin.
Tortu hazırlamaq üçün bir qaba biskvitin birini yerləşdirib üzərinə kremi spiral formasında sıxaraq kənarlarına çıxmamaq şərtiylə yaxın. Kremin üzərinə şokolada batırılmış korju yerləşdirib qapağı ehtiyyatla çıxarın. Qiqant “Oreo”hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir