Talisman salatı ziyafət masanızı bəzəyəcək doyurucu bir salatdır. Evdar.az ziyafət süfrəsində xüsusilə gözəl görünən dadlı salatın reseptini təqdim edir.
Gözəlliyi Və Dadlı İlə Qəlbinizi Fəth Edəcək “Talisman” Salatının tərkibi:
- 3 ədəd badımcan
- 700 qr toyuq ürəyi
- 5 ədəd yumurta
- 2 ədəd pomidor
- 1 ədəd soğan
- çimdik duz və şəkər tozu
- 2 xörək qaşığı limon suyu (və ya 1 xörək qaşığı uksus)
- 2 xörək qaşığı xama
- 2 xörək qaşığı mayonez
- 1 dolu çay qaşığı acı xardal
- 1-2 diş sarımsaq
Gözəlliyi Və Dadlı İlə Qəlbinizi Fəth Edəcək “Talisman” Salatının hazırlanma qaydası:
İlk öncə badımcanları yuyub qabıqlı şəkidə 5 mm qalınlığında nazik dilimləyin. Dilimlədiyiniz badımcanları siniyə və ya dəzgahın üzərinə yan-yana düzüb iki tərəfli duzlayın. Badımcanların suyu çıxana qədər kənarda saxlayın. Daha sonra kağız salfetlə badımcanların suyunu qurulayın. Üstündən yaxşıca basaraq kağız salfetlə badımcan dilimlərini qurulayın. Soba sinisini bitki yağıyla yağlayın. Badımcanları yağlanmış siniyə düzün və badımcanları da yağlayın. Əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə badımcanlar qızılı rəng olana qədər bişirin.
Toyuq ürəyini əvvəlcədən duzlu suda 40 dəqiqə bişirin. Yumurtaları da suda bişirib soyudun. Soğanı yarım halqa doğrayıb bir qaba tökün. Üzərinə çimdik duz, çimdik şəkər tozu, 2 xörək qaşığı limon suyu və 1 xörək qaşığı uksus töküb qarışdırın. Soğanın marinə olması üçün kənarda saxlayın. Bişmiş toyuq ürəyini xırda doğrayın. Bişib soyuyan yumurtaları sürtgəcin iri gözündən keçirin. Pomidorları kub formasında doğrayın və süzgəcə qoyun ki, suyu süzülsün. Bir qabda mayonezin üzərinə xama,sarımsaqəzəndən keçirilmiş sarımsaq, xardal və zövqə görə duz əlavə edib qarışdırın. Bir qabda sürtgəcdən keçirilmiş yumurtaya mayonezli qarışıqdan 2 xörək qaşığı töküb qarışdırın. Başqa bir qabda doğranmış toyuq ürəyinin üzərinə mayonezli qarışıqdan 2 xörək qaşığı töküb qarışdırın. Başqa bir qabda doğranmış, suyu süzülmüş pomidorun üzərinə 1 çay qaşığı mayonezli qarışıqdan töküb qarışdırın.
Salatı hazırlamaq üçün streç salafan sərilmiş qəlibə bişmiş badımcan dilimlərini yaxın-yaxın düzün (qəlibin hər tərəfi badımcanlarla örtülməlidir). İlk qat üçün yumurtalı qarışığı tölüb yayın. Üzərinə marinə olunmuş soğan, daha sonra mayonezli ürəyi yayın. Ən son qata pomidorlu qarışığı töküb yayın. Qəlibin kənarlarından çıxan badımcanlarla salatı bükün. Qalan badımcan dilimləriylə salatın açıq qalan hissəsini də örtün. Salatın üzərini streç salafanla örtüb 2 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında salatı soyucudan çıxarıb üzərinə boşqab qoyub qəlibi çevirin. Streç salafanı çıxarıb salatı xırdalanmış qoz ləpəsi və doğranmış cəfəriylə bəzəyin. Dadlı salat hazırdır.
Nuş Olsun!