Bu Yeni il ərəfəsində ekonomik bayram süfrəsi açmaq istəyənlər üçün hazırlanmış az büdcəli yeni il reseptlərini tərtib etdik. Tərəvəz, toyuq, qırmızı ət və balıq kimi müxtəlif əsas inqrediyentləri ehtiva edən bu qənaətcil bayram yeməkləri arasında həm damağınıza, həm də büdcənizə uyğun bir neçə resept tapacağınıza əminik. Evdar.az qənaətcil və ləzzətli bayram yeməklərinin reseptlərini təqdim edir.
Çoban Aşı
Çoban aşı adıyla bilinən bu ləziz plov Azərbaycan mətbəxinin ən dadlı təamlarından biridir. Çoban aşı əsasən qoyun ətindən hazırlanır. Ancaq qoyun ətinin əvəzinə mal əti ilə hazırlaya bilərsiniz. Evdar.az ləziz Çoban aşının reseptini təqdim edir.
Tərkibi:
- 500 qr ət (qoyun və ya mal əti)
- 3 stəkan düyü (uzun və ya yumru)
- 100 qr kərə yağı
- 1 ədəd soğan
- duz, istiot
Hazırlanma qaydası:
İlk öncə əti tikələrə doğrayıb suda qaynadın. Soğanı kiçik kub formasında doğrayın. Başqa bir qazanda soğanı yağda qovurun. Bişən əti sudan ayırıb qızardılmış soğana əlavə edin və qızarana qədər bişirin. Düyünü yuyub süzün. Qovrulan ət və soğanın üzərinə düyü, duz, istiot və ayırdığınız ət suyunu əlavə edin. Ət suyunu hər 1 stəkan düyüyə 2 stəkan ölçüdə götürün. Qazanın qapağını yarımçıq örtüb suyu çəkilənə qədər vam odda bişirin. Daha sonra aşı qarışdırın, qazanın üzərini mətbəx salfeti və qapaqla örtüb dəmə qoyun.
Lobyalı Plov
Ağdam mətbəxi Qarabağın özünəməxsus təamları arasında xüsusi yer tutur. Bu dadlı təəmlardan biri də dadı damağınızda qalan maş lobyalı plovdur. Evdar.az lobyalı plovun reseptini təqdim edir.
Lobyalı plovun tərkibi:
- 100 qr kərə yağı
- 500 qr düyü
- 150 qr maş lobya
- 1 ədəd yumurta
- 30 qr duz
Lobyalı plovun hazırlanma qaydası:
Lobyanı gecədən isladıb bişirin. Və ya bir gecə islatmadan bişirməyin qaydasını buradan oxuyun. Düyünü duz tökülmüş suda bişirib süzün. Düyünü süzənə yaxın bişmiş lobyanı düyünün üzərinə əlavə edin. 2-3 dəqiqə sonra lobyalı düyünü süzün. Plovu dəmə qoyacağınız qazanın dibinə kərə yağı əlavə edib qızdırın. Qazmaq üçün bir qabda yumurtanı çırpın. Üzərinə süzülmüş düyüdən 1-2 qaşıq əlavə edib qarışdırın. Yağlı qazanın dibinə hazırladığınız yumurtalı düyünü yayın. Dəmə qoyulan zaman düyünün üzərinə zövqə görə ərinmiş kərə yağı tökün. Bişən plovu süfrəyə şəkər tozu və ya doşabla (bəkməzlə) verə bilərsiniz.
Sobada Manqal Dadında Ciyər Kababı
İnsan orqanizmi üçün əhəmiyyətli yeri olan qara ciyərdə ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələr var. Ətdən üstün olan qara ciyəri sevməyənlər sobada manqal dadında kabab kimi bişirə bilər. Evdar.az sobada manqal dadında ciyər kababının reseptini təqdim edir.
Ciyər Kababının tərkibi:
- 500 qr ciyər
- 1 stəkan süd
- duz, istiot
- soğan
- keşniş, şüyüd
- 1 xörək qaşığı sirkə
İlk öncə qara ciyərin üzərindəki pərdəni təmizləyib doğrayın. Yuyub suyunu süzün. Bir qaba süd töküb üzərinə doğranmış ciyər tikələrini əlavə edib. 30 dəqiqəlik kənarda saxlayın. Süddə saxlamaq həm qoxusunun qarşısını alacaq, həm də daha yumşaq və ləzzətli edəcək. Yarım saat sonra südü süzüb ciyərləri çöp şişlərə keçirin.Üzərinə duz, istiot səpib soba sinisinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Üzəri üçün soğanı yarım halqa doğrayın. Keşniş və şüyüdü də xırda doğrayıb soğanın üzərinə əlavə edin. Soğanla göyərtini əlinizlə yüngül əzərək ovuşdurun. Üzərinə sirkəni də əlavə edib kənarda saxlayın. Bişən ciyər kababının üzərinə sirkəli soğanı səpib süfrəyə verə bilərsiniz.
Ətsiz, Bol Göyərtili Yarpaq Dolması
Süfrələrin bəzəyi olan yarpaq dolmasını ət olmadan da təzə göyərtilərin, təzə yarpaqların bol olduğu yaz aylarında hazırlaya bilərsiniz. Evdar.az bol göyərtili yarpaq dolmasınn reseptini təqdim edir.
- 1 dəstə nanə
- 1 dəstə kəvər
- 1 dəstə şüyüd
- 1 dəstə göy soğan
- 1 dəstə keşniş
- 1 stəkan düyü
- 3 ədəd soğan
- 200 qram əridilmiş kərə yağı
- 150 ml su
- istiot, sarıkök, duz
- üzüm yarpağı (tənək)
İlk öncə göyərtiləri yaxşıca yuyub süzün. Göyərtini düzgün yumağın qaydasını bu məqaləmizdən oxuya bilərsiniz..Daha sonra göyərtiləri xırda doğrayıb dərin bir qaba tökün. Yuyulmuş düyünü də göyərtilərə əlavə edib. Soğanı xırda doğrayıb üzərinə duz töküb qarışdırın. Suyu çıxan soğanları sıxıb göyərtilərin üzərinə əlavə edin. Duz, istiot, sarıkök və əridilmiş kərə yağı töküb qarışdırın. Yarpaqları açıb içlikdən 1 dolu qaşıq qoyub bükün. Bu qaydayla iri halda bükülən dolmaları qazana düzün. Üzərinə 150 ml su töküb vam odda bişirin. Bişən dolmaları süfrəyə sarımsaqlı qatıqla birlikdə verə bilərsiniz.
Badımcan Ləvəngisi
Badımcan ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. Evdar.az cənub bölgəmizin ləzzətli badımcan ləvəngisinin reseptini təqdim edir.
Badımcan Ləvəngisinin tərkibi:
- 6 ədəd badımcan
- 2 ədəd qırmızı soğan
- 300 qr qoz
- duz, istiot,sumaq (sumax)
- zövqə görə alça turşusu və ya palçıq turşusu
Badımcan Ləvəngisinin hazırlanma qaydası:
Qozu çox xırda doğrayın. Soğanı soyub təmizləyin və ət maşınından çəkib acı suyunu tənziflə sıxın. Daha sonra tavada soğanı az yağda yüngül qovurun. Bir qabda xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, sumaq, duz və istiotu töküb yaxşıca qarışdırın. Zövqə görə alça turşusu və ya palçıq turşu əlavə edin. Badımcanın arasını kəsib duzlayın, acı suyu çıxsın. Daha sonra az yağda badımcanları yüngül hər tərəfli qızardın. Qızardılmış badımcanların içərisinə ləvəngi içliyi doldurun. Tavaya yağ əlavə edib doldurduğunuz badımcanları düzüb zəif odda bişirin. Və ya içliklə doldurulmuş badımcanları yağlanmış keramik və ya şüşə soba qabına düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1 saat, daha sonra 100 dərəcəyə endirib badımcanların rəngi tündləşənədək bişirin. Süfrəyə verdikdə yanında qarnir olaraq düyüylə verə bilərsiniz.
Sobada Balıq Yeməyi
Forel balığı beyin fəaliyyətinin artmasına, sinirlərin və arteriyaların möhkəmlənməsinə səbəb olur. B6 vitamini çatışmazlığında forel əti yemək çox faydalıdır. Forel əti yemək xərçəng xəstəliyinin əmələ gəlmə riskini aradan qaldırır, maddələr mübadiləsini yaxşılaşdırır. Forel balığının tərkibi B1, B2, B6, B12, A, E, D, PP, D vitaminləri, maqnezium, fosfor, fol turşusu ilə çox zəngindir. Bu qədər faydalı balıqdan ləzzətli yemək hazırlaya bilərsiniz. Evdar.az sobada forel balığının reseptini təqdim edir.
Sobada Balıq Yeməyinin tərkibi:
- 1 ədəd (təxminən 3-4 kq-lıq) forel balığı
- 100 qr soğan
- 250-200 qr pomidor
- 1 ədəd orta ölçüdə limon
- yarım dəstə cəfəri
- 3 xörək qaşığı zeytun yağı
- zövqə görə duz, istiot
- 1 çay qaşığı balıq üçün ədviyyat
Sobada Balıq Yeməyinin hazırlanma qaydası:
Balığın pulcuqlarını təmizləyin, içinin çıxarıb axan suyun altında yaxşıca yuyub kağız dəsmal ilə qurudun. Soba sinisinə parlaq tərəfi yuxarı olmaq şəritlə folqa kağızı sərin. Folqanı bitki yağı ilə yağlayın. Soğanı təxminən 1 santimetr enində halqalara kəsin və folqanın üzərinə qoyun. Balığı soğanın üzərinə yerləşdirin. Bu, balığın folqa kağızına yapışmasının qarşısını almaq üçün lazımdır. Balığın üzərinə zeytun yağı səpin və balığın içini və çöl hissəsini fırça ilə yağlayın. Balığın üstünü və içini duz, istiot və balıq üçün ədviyyat səpib yaxşıca bulayın. Balığı bir neçə dəqiqəlik marinad olması üçün kənarda saxlayın. Pomidor və limonu halqalar formasında doğrayın. Balığın içərisinə cəfəri budaqlarını, pomidor və limon dilimlərini yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişirin. Balıq yanmağa başlayırsa, parlaq tərəfi yuxarı olan folqa ilə örtün. Bişən balığı bütöv halda süfrəyə verə bilərsiniz.
Sobada Mərmər Toyuq Ruleti
Toyuq filesindən dadlı və şirəli rulet hazırlaya bilərsiniz. Müxtəlif ədviyyatların əlavə edilməsi sayəsində toyuq ruleti yalnız dadı və ətri ilə deyil, həm də xarici görünüşü ilə sizi sevindirəcək. Toyuq ruletini dilimlədikdə görünüşü mərmərə bənzədiyi üçün adı da buradan götürülüb. Evdar.az dadlı qəlyanaltının reseptini təqdim edir.
Sobada Mərmər Toyuq Ruletinin tərkibi:
- 800 qr toyuq filesi
- 1 çay qaşığı şirin qırmızı bibər tozu
- 1 çay qaşığı şüyüd qurusu
- 1 çay qaşığı duz
- zövqə görə istiot
- 3 diş sarımsaq
- 20 qr jelatin
Sobada Mərmər Toyuq Ruletinin hazırlanma qaydası:
İlk öncə toyuq filesini bıçaqla xırda-xırda doğrayın və ya blenderlə xırdalayın. Bir qabda doğranmış toyuq filesinin üzərinə duz, istiot, şüyüd qurusu, bibər tozu və xırdalanmış sarımsaq əlavə edib qarışdırın. Üzərinə tez həll olunan jelatin də əlavə edib yaxşıca qarışdırın. Hazır kütləni soba paketinə yayıb kolbasa formasında bükün. Soba paketinin kənarlarını möhkəm bağlayın. Folqa kağızına da büküb soba qəlibinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Bişən ruleti sobadan çıxarıb otaq temperaturunda soyudun. Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra soba paketini çıxarıb dilimləyin. Bu zərif, ətirli və dadlı rulet istənilən masa üçün soyuq qəlyanaltı olacaq.
Manqalda Dadlı Toyuq Qanadı Kababı
Manqal dedikdə ilk ağıla gələn ət və toyuq kababıdır. Hər zamankindən fəqrli olaraq bu dəfə toyuq qanadlarından kabab hazırlaya bilərsiniz. Evdar.az manqalda toyuq qanadı kababının reseptini təqdim edir.
- 1 kq toyuq qanadı
- yarım stəkan maye yağ
- 1 çay qaşığı istiot
- 2 çay qaşığı duz
- 1 xörək qaşığı tomat
- 3-4 diş rəndələnmiş sarımsaq
- 2 xörək qaşığı qatıq
- pul bibər
- kəklikotu
Manqalda Toyuq Qanadı Kababının hazırlanma qaydası:
Aldığınız toyuq qanadlarını yuyub suyunuz süzün. Üzərinə bıçaqla kəsiklər atın. Bir qabda maye yağ, istiot, duz, tomat, rəndələnmiş sarımsaq, qatıq və kəkliotunu qarışdırın. Qanadları sousa yaxşı bulayın. Şişlərə keçirib manqalda iki tərəfli bişirin. Toyuq qanadı kababını süfrəyə közdə bişmiş tərəvəzlərlə verə bilərsiniz.
Sadəcə 4 Ərzaqla Dadlı Salat
Bu salat sadəcə 4 ərzaqla hazırlanır. Evdar.az hər gün hazırlaya biləcəyiniz dadlı salatın reseptini təqdim edir.
Sadəcə 4 Ərzaqla Dadlı Salatın tərkibi:
- 4 ədəd çuğundur
- 2 ədəd yumurta
- 2 ədəd xiyar turşusu
- 1 diş sarımsaq
- zövqə görə mayonez, duz, istiot.
Sadəcə 4 Ərzaqla Dadlı Salatın hazırlanma qaydası:
Çuğundur və yumurtanı suda bişirin. Bişdikdən sonra qabığını soyub sürtgəcdən keçirin. Xiyar turşusunu samanvari və ya kub formasında doğrayın. Bir qaba sürtgəcdən keçirilmiş çuğundur, yumurta, turşu xiyar, rəndələnmiş sarımsaq, duz, istiot və mayonez töküb qarışdırın. Mayonez əvəzinə süzmə qatıq da istifadə edə bilərsiniz. Salat hazırdır!
Bişməyən “Napoleon” Tortu
Napoleon tortu ən çox sevilən desertlərdən biri hesab olunur. Uşaqlıqdan çoxlarının sevdiyi, zərif, laylı, xırtıldayan, həm bayram süfrəsini, həm də gündəlik çay süfrəsini bəzəməyə qadir olan tortdur. Nazik korjlardan və bişmiş kremdən ibarət olan olan Napoleon tortunu bu dəfə fərqli tərkiblə, cəmi 30 dəqiqəyə hazırlaya bilərsiniz. Üstəlik, hər evdar qadın belə bir tort hazırlamaqla bütün gününü sobanın yanında keçirmək istəmir. Evdar.az 30 dəqiqəyə bişməyən Napoleon tortunun reseptini təqdim edir.
Bişməyən “Napoleon” Tortun tərkibi:
- 420 qr qat-qat “Uşki” peçenyesi
Kremi üçün:
- 3 ədəd yumurta
- 3 xörək qaşığı şəkər tozu
- 3 xörək qaşığı nişasta
- 700 ml süd
- 90 qr kərə yağı
- 1 paket vanil
“Napoleon” Tortun hazırlanma qaydası:
Kremi hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və nişastanı tel çırpıcıyla yaxşıca qarışdırın. Südü qaynayana qədər qızdırın. İsti süddən bir az yumurta kütləsinə az-az əlavə edib dayanmadan qarışdırın. Daha sonra südlə birləşən yumurta kütləsini yenidən qazana töküb ocağa qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürdüyünüz isti halda olan kremə kərə yağı və vanil əlavə edib qarışdırın Kremin üzərinə streç salafan örtüb soyuması üçün kənara qoyun. Formaya qat-qat peçenyeni düzün və üzərinə krem yaxın. Bu qaydayla peçenyeləri qat-qat düzüb kremləyin.Üzərinə peçenye qırıntılarını səpib bəzəyin. Tortu otaq temperaturunda 1 saat saxlayın. Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin.
Nuş Olsun!