Lerik Mətbəxinin Qədim Çörəyi- Zeyrən (Nozok)

Yields: 1 Serving

Zeyrən (Zeyrənə, Zerən, Nazik, Nozok, Nozokə nun, Talış kətəsi) – Cənub mətbəxinin qədim şirniyyat növüdür. Bayramlarda, toylarda bişirilən bu çörəyin adı və dadı artıq unudulmaqdadır. Bu qədim şirniyyat növü əsasən təndirdə bişirilir, ancaq ev şəraitində sobada da bişirə bilərsiniz. Evdar.az  Lerik mətbəxinin qədim Zeyrən çörəyinin reseptini təqdim edir.

Lerik Mətbəxinin Qədim Çörəyi- Zeyrənin tərkibi:

Xəmiri üçün:

  • 1 kq + 1 stəkan un
  • 200 qr əridilmiş kərə yağı
  • 500 ml ilıq süd
  • 2 ədəd yumurta
  • yarım çay qaşığı sarıkök
  • 1 çay qaşığı duz
  • 2 xörək qaşığı duru yağ

Balata (opara) üçün:

  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı quru maya
  • 2 xörək qaşığı ilıq su

İçlik üçün:

  • 200 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 3 stəkan un
  • 1 stəkan + 2 xörək qaşığı şəkər tozu
  • yarım çay qaşığı sarıkök
  • yarım çay qaşığı hil

Üzəri üçün:

  • 2 ədəd yumurta sarısı
  • 2 xörək qaşığı süd
  • 1 xörək qaşığı duru yağ

Lerik Mətbəxinin Qədim Çörəyi- Zeyrənin hazırlanma qaydası:

Balatanı hazırlamaq üçün bir qabda 2 xörək qaşığı ilıq su, 1 xörək qaşığı şəkər tozu və 1 çay qaşığı quru mayanı töküb qarışdırın. Aktivləşməsi üçün isti yerə qoyun. Xəmiri yoğuracağınız qaba unu ələyin. Başqa bir qabda südü qızdırıb içərisinə kərə yağı əlavə edib əridin. Ocaqdan götürüb otaq temperaturunda ilıdın. Unun içərisinə yumurta, duz, şəkər tozu və aktivləşmiş mayanı tökün. İlıq halda olan süd və yağ qarışığını da əlavə edib xəmir yoğurun. Ələ yapışan xəmir olarsa bir az duru yağ əlavə edib xəmiri toparlaya bilərsiniz. Xəmiri yağlanmış qaba qoyub üzərini örtün. Mayalanması üçün isti otaqda 1,5 saat saxlayın.

İçliyi hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını və şəkər tozunu mikserlə 5 dəqiqə çırpın. Üzərinə un, üyüdülmüş hil və sarıkök əlavə edib əlinizlə umac halına gətirin. Hazırladığınız umac əlinizlə sıxdıqda bir-birinə yapışırsa hazırdır.

Mayalanan xəmirdən 10 ədəd kündələyin. Kündələrin üzərini streç salafanla örtüb 10 dəqiqə dincəldin. Daha sonra kündəni əlinizlə açıb (çalışın çox açmayın) bir tərəfinə içlik yayıb bükün. Kənarlarını şəkərbura kimi bəzək verin.

Üzərinə çəkmək üçün bir qabda  yumurta sarısı, süd və yağı qarışdırın. Hazırladığınız zeyrənləri soba sinisinə düzün. Üzərinə yumurta sarısı qarışığı yaxın. Çəngəllə bəzək verin və çəngəllə bir neçə yerdən deşin ki, havası çıxsın.  Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə üzəri qızarana qədər bişirin. Bu qaydayla qalan kündələri də hazırlayıb bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir