Plov Üçün Qazmaq Reseptləri

Yields: 1 Serving

Qazmaq – Şərq mətbəxində plovu bəzəmək üçün istifadə olunan xırçıldayan qabıqdır. Qazmaq plovu bəzəmək və yemək üçün istifadə edilir. Azərbaycanda da 200 növü olan plovun reseptində isifadə edilən qazmağı düyünün özündən, yağlı xəmirdən, nazik yuxadan, hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar.

Evdar.az ən dadlı qazmaq reseptlərini təqdim edir.

1. Tərkibi:

  • 1 stəkan un
  • 2 xörək qaşığı qatıq + soda
  • 2 xörək qaşığı bitki yağı
  • zövqə görə duz

Hazırlanma qaydası:

Bir qabda un, sodayla qarışdırılmış qatıq, maye yağ və duz töküb xəmir yoğurun. Qazanın dibinə kərə yağı əlavə edib qızdırın. Daha sonra xəmiri qazanın dibinə yerləşdirib istədiyiniz qəliblə (dairə, ürək forması və s.) ilə kəsib bişirin.

2.Tərkibi:

  • 1 ədəd yumurta
  • 0,5 st bitki yağı
  • 2 xörək qaşığı qatıq
  • apardığı qədər un

Hazırlanma qaydası:

Bir qabda yumurta, maye yağ, qatıq və unu qarışdırıb xəmir yoğurun. Qazana yağ töküb yaxşıca qızdırın. Hazırldağınız xəmiri qazanın dibinə yaxşıca yayın və istədiyiniz formada kəsin.

3. Tərkibi:

  • 5 ədəd hazır lavaş (qazanın ölçüsünə görə artırıb-azalda bilərsiniz)
  • ərinmiş kərə yağı

Hazırlanma qaydası:

Lavaşı iki yerə bölüb üçbucaq formasında bükün. Qazanın dibinə yağ əlavə edib yaxşıca qızdırın. Qızdırılmış yağa lavaşları düzün və üzərinə yenə yağ çəkin. Üzərinə düyünü əlavə edib dəmə qoyun.

4. Tərkibi:

  • 3-4 ədəd yumurta
  • 2 stəkan yarıbişmiş düyü
  • 2 xörək qaşığı əridilmiş yağ

Hazırlanma qaydası:

İlk öncə yumurtanı tel çırpıcıyla və ya çəngəllə çırpın. Üzərinə düyü və 1 xörək qaşığı yağ əlavə edib qarışdırın. Qazanı qızdırıb 1 xörək qaşığı yağ ilə yağlayın. Üzərinə düyü töküb dəmə qoyun.

5. Tərkibi:

  • 200 qr un
  • 1/4 stəkan su
  • 2/4 stəkan bitki yağı
  • bir çimdik duz və şəkər tozu

Hazırlanma qaydası:

Bir qabda un, su, bitki yağı, duz və şəkər tozu töküb xəmir yoğurun. Xəmiri yayıb istədiyiniz qızdrılmış qazanın dibinə yerləşdirin və istədiyiniz formada kəsin.

6. Tərkibi:

  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı qatıq
  • 2 xörək qaşığı mayonez
  • 2 xörək qaşığı zeytun yağı
  • zövqə görə duz
  • apardığı qədər un

Hazırlanma qaydası:

Bir qabda yumurta, qatıq, mayonez, zeytun yağı və duzu tel çırpıcıyla yaxşıca qarışdırın. Üzərinə az-az un əlavə edərək ələ yapışmayan xəmir yoğurun. Daha sonra xəmiri oxlovla yayın və qazanın dibinə sərib istədiyiniz formada kəsin.

7. Tərkibi:

  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı qatıq
  • üyüdülmüş kişniş toxumu və hil toxumu
  • dəmlənmiş zəfəran suyu
  • bişmiş düyü

Hazırlanma qaydası:

Bir qabda yumurta, qatıq, kişniş toxumu, hil toxumu və zəfəran suyunu yaxşıca qarışdırın. Üzərinə bişmiş, süzülmüş düyüdən 3 kəfgir qaşıqla əlavə edib qarışdırın. Qazanda qızdırılmış yağa hazırladığınız qaymağı yayın və üzərinə süzülmüş düyünü əlavə edib dəmə qoyun.

8. Tərkibi:

  • 50-60 qr ərinmiş kərə yağı
  • 2 xörək qaşığı xama
  • 2 ədəd yumurta
  • apardığı qədər un
  • çay qaşığı ucunda duz
  • yarım çay qaşığı şəkər tozu
  • yarım çay qaşığı sarıkök

Hazırlanma qaydası:

Bir qabda yumurtanı çırpın. Üzərinə xama, yağ, duz, şəkər tozu, sarıkök və un töküb yumşaq xəmir yoğurun. Xəmiri yayıb qazana yerləşdirin və istədiyiniz formada kəsin. Üzərinə süzülmüş düyünü əlavə edib dəmə qoyun.

9. Tərkibi:

  • 1 ədəd yumurta
  • 2,5 xörək qaşığı qatıq
  • duz
  • sarıkök
  • süzülmüş düyü

Hazırlanma qaydası:

İlk öncə bir qabda yumurta, qatıq, duz və sarıkökü töküb qarışdırın. Üzərinə süzülmüş düyü əlavə edib qarışdırın. Hazırladığınız qazmağı qızdırılmış yağın, qazanın dibinə yayın. 3-4 dəqiqə qazmağın bərkiməsi üçün yüngül bişirin. Daha sonra üzərinə düyü töküb dəmə qoyun.

Qeyd:

  • Qazmağın yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun.
  • Asan olsun deyə əvvəlcədən qazmağı taxta qaşıqla hissələrə bölün. Və ya armudu stəkanın ağız hissəsiylə dairələr kəsin (və ya dairəvi xəmir qəlibləri ilə).
  • Süfrəyə verdikdə qazmağı hissələrə bölüb plovun üzərinə düzün.
  • Əgər qazmağı kartofdan hazırlamaq istəsəniz qabığı soyulmuş kartoflarə dairəvi kəsib qazanın dibinə yerləşdirin.
  • Bəzən qazmağın tərkibinə kişmiş əlavə edilir.
  • Qazanın ölçüsünə görə məhsulları artırıb-azalda bilərsiniz.

Ən dadlı plov reseptləriylə bu məqaləmizdən tanış ola bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir