Qış üçün qırmızı qarağat və xiyar ilə qeyri-adi, dadlı turşu hazırlaya bilərsiniz. Qırmızı qarağat yalnız gözəllik üçün deyil, həm də xiyar turşusuna xoş bir turşuluq verir. Bu ləziz turşuya qarağat təbii turşu ehtiva etdiyi üçün sirkə əlavə olunmur. Evdar.az qarağatlı xiyar turşusunun reseptini təqdim edir.
Qarağatlı Xiyar Turşusunun tərkibi:
1 litrlik banka üçün:
- 700 qr balaca xiyar
- 200 qr qırmızı qarağat
- 5 ədəd dənə istiot
- 3 diş sarımsaq
- 1 ədəd şüyüd çətiri (şüyüd başı)
Marinad üçün:
1 litr su üçün:
- 1 xörək qaşığı duz
- 1 çay qaşığı şəkər tozu
Qarağatlı Xiyar Turşusunun hazırlanma qaydası:
İlk öncə xiyarları yaxşıca yuyub 2-3 saatlıq suda gözlədin. Sterilizə olunmuş bankanın dibinə dənə istiot, şüyüd çətiri və 3 diş sarımsaq qoyun. Suda gözlətdiyiniz xiyarların suyunu süzün və hər iki tərəfdən xiyarların uclarını kəsin. Xiyarları bankaya sıx bir şəkildə yerləşdirib, ara qatlarına qırmızı qarağat düzün. Banka dolana qədər xiyar və qarağatı düzüb üzərinə qaynar su tökün. Bankanın qapağını örtüb 15 dəqiqə kənarda saxlayın. 15 dəqiqədən sonra xiyarların suyunu qazana boşaldın. Mayenin miqdarını ölçmək lazımdır. 1 litr suya 1 xörək qaşığı duz və 1 çay qaşığı şəkər tozu əlavə edilməlidir. Ancaq banka 880 ml su tutduğu üçün 1 xörək qaşığı duzdan bir az az və bir çay qaşığı şəkər tozundan bir qədər az əlavə edilməlidir. Qazanı ocağa qoyub qaynadın. Qaynar marinadı bankaya töküb qapağını möhkəm bağlayın. Bankanı tərs çevirib tamamilə soyuyana qədər mətbəx dəsmalıyla və ya ədyal ilə örtün.
Nuş Olsun!